Mayın 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Mərkəzi incəsənət məktəbi şagirdlərinin hesabat konserti oldu.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin əməkdaşları, paytaxtın musiqi və incəsənət məktəblərinin nümayəndələri iştirak edirdi.
Hesabat konserti iki əlamətdar tarixə - 28 May - Respublika Gününə və Qara Qarayev adına Mərkəzi incəsənət məktəbinin 80 illik yubileyinə həsr olunmuşdu.
Məktəbin nəzəriyyə şöbəsinin müəllimi Leyla Həsənova tədbiri açaraq tədris ocağının uğurlarından danışdı. Bildirdi ki, məktəbin istedadlı şagirdləri respublika və beynəlxalq müsabiqələrdə daim uğurla iştirak edir, mükafatlar qazanırlar.
Məktəbin birləşmiş xor kollektivi bu il keçirilən IX Respublika xor müsabiqəsində Qran-pri mükafatına layiq görülüb. Məktəbin şagirdi Cavid Yusifzadə isə Ədilə Əliyeva adına Pianoçuların XI Beynəlxalq müsabiqəsində laureat olaraq Alfred Korto adına Paris Konservatoriyasında təhsil almaq hüququ qazanıb.
Məktəbin yetirmələri Brüsseldə keçirilən “Musica Mundi” Beynəlxalq kamera musiqisi festivalında, Polşada beynəlxalq müsabiqədə, Rusiyada K.N.İqumnov adına gənc pianoçuların “Musiqi alətləri və vokal ifaçıların ustadlığı” adlı müsabiqələrində, eləcə də Kanadada, Fransada, Slovakiyada, İspaniyada, Estoniyada keçirilən beynəlxalq musiqi müsabiqələrində Azərbaycanı layiqincə təmsil edərək mükafatlarla təltif olunublar.
Çıxışdan sonra dirijor, Əməkdar artist Fuad İbrahimovun idarə etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə məktəbin şagirdləri Jalə Quliyeva, Münəvvər Alıyeva, Əlipaşa Şahgəldiyev, Lalə İbrahimova, Nərgiz Əliyeva, Cavid Yusifzadə, Nailə İbrahimova, Zərrin Əliyeva, Səbinə Rzazadənin ifasında konsert proqramı təqdim olundu. Proqramda İ.S.Bax, Y.Haydn, E.Qriq, S.Raxmaninov, S.Prokofyev, D.Şostakoviç, V.Şyolokov, İ.Albenis, F.Vaksman və Niyazinin əsərləri səsləndirildi.
Hesabat konsertində hər bir çıxış alqışlarla qarşılandı.
Savalan Fərəcov