Sebendə tarixi məkanda qurulan “Bəstəkarlar evləri”ndə yeni əsərlər yaranacaq
   
   Mayın 26-da Türkiyənin Bolu bölgəsinin Seben rayonunda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un və yerli bələdiyyələrinin təşəbbüsü ilə türk dünyasından olan bəstəkarlar bir araya gəldi. TÜRKSOY-un ikinci “Bəstəkarlar görüşü” layihəsi eramızdan əvvəl frikyalılar tərəfindən istifadə edilən və günümüzə qədər gəlib çatan Solaklar qaya evlərinin ətəyində inşa edilən “Türk dünyası sənət kəndi”ndə baş tutdu. 
   Əvvəlcə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bolu bələdiyyə başqanının müavini Əminə Davarçıoğlu, Seben bələdiyyəsinin sədri Süleyman Özbağ, türk respublikalarından gələn bəstəkarların iştirakı ilə mətbuat konfransı keçirildi. D.Kaseinov bildirdi ki, Avrasiyanın geniş çöllərində yaşayan türk xalqlarının tarixi zəngindir. Bu zəngin mirasın dünyaya tanıdılması çox önəmlidir: “Bolunun Seben rayonunda bu Xəlil İnalcığın adını daşıyan “sənət kəndi”ni - türk dünyası bəstəkarları üçün yaradıcılıq evlərini qurduq. Bu gün isə burada türk respublikalarından gələn bəstəkarların görüşünü keçiririk. Qeyd edim ki, bu layihəni bundan öncə ilk dəfə Safranboluda həyata keçirmişdik. Layihə çərçivəsində tikintisi bitən evlərin hər birinə tanınmış türk bəstəkarlarının adları verilib. Lazımi texniki işlərin də başa çatmasından sonra bu evlərin ilk qonaqları Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Başqırdıstan və Tatarıstanın bəstəkarlarıdır”. 
   Baş katib əmin olduğunu bildirdi ki, burada gözəl musiqi əsərləri yazacaq bəstəkarlar həm də öz aralarında fikir, sənət mübadiləsi aparacaqlar, işbirliyi quracaqlar: “İnanıram ki, bu sənət kəndi bütün dünyaya nümunə olacaq. Bəstəkarların bir-birlərini tanıması, sahib olduğumuz ortaq mədəniyyətin fərqində olmaları çox önəmlidir. Xatırladım ki, keçmiş SSRİ-də bəstəkarların çalışması üçün belə yaradıcılıq evləri var idi və bəstəkarlar o evlərdə həm dincəlir, həm də maraqlı əsərlər yazırdılar. 2017-ci ilin aprel ayında türk dünyasının böyük bəstəkarlarının adlarının verildiyi Seben qaya evlərində bu dəfə, doğrudan da, türk bəstəkarlarının qəlbi döyünməkdədir. Buna görə Bolu və Seben bələdiyyələrinə minnətdarlığımı bildirirəm”.
   Bolu bələdiyyə başqanının müavini Ə.Davarçıoğlu isə türk dünyası ilə əlaqələrinin “Koroğlu” festivalı ilə başladığını və TÜRKSOY-la sıx işbirliyi qurduqlarını bildirdi: “Qardaş xalqlarla eyni mədəniyyətin daşıyıcılarıyıq. Dil və ləhcə fərqlərimiz olsa da, bir-birimizi anlayırıq. Türk dünyasından gələn sənətçilərlə tanışlıq fürsəti əldə edirik. Ümid edirəm ki, iki həftə boyunca Boluda yaşayan bəstəkarlar gözəl əsərlər bəstələyəcəklər”.
   Seben bələdiyyə başqanı Süleyman Özbağ türk dünyasından gələn bəstəkarları qəbul etdiklərinə görə məmnun olduğunu dilə gətirdi: “Hazırda olduğumuz məkan türk dünyası tarixi baxımından özəl bir məkandır. Bura Osmanlı imperiyasının “Fetret dövrü”ndə (İldırım Bəyazidin oğulları arasında taxt qovğası - red.) Çələbi Mehmetin saxlandığı, onun sayəsində dağılan Osmanlı birliyinin yenidən yüksəlişinin təmin olunduğu məkandır. Ötən dörd ildə “Mədəniyyətlərarası sənət festivalı”nda rəssamlarımızı qarşılayır, bu festivala ev sahibliyi edirik. İndi türk dünyası bəstəkarlarını qəbul edirik. Oktyabr ayında isə həm Avropa, həm də türk dünyasından gələn rəssamlar burada bir araya gələcək. Qarşıdakı illərdə Seben bir sənət mərkəzi olacaq. Türk dünyasında Sebenin həm də turizm məkanına çevrildiyinə görə TÜRKSOY-un baş katibi D.Kaseinova minnətdarlığımı bildirirəm”. 
   Türk dünyasından gələn bəstəkarlar da öz düşüncələrini bölüşdülər. 
   Azərbaycanı təmsil edən İlham Azmanlı layihəni çox bəyəndiyini bildirdi: “Çox şadam ki, bu “sənət kəndi”ndə Azərbaycan evinin ilk sakini mən oldum. Burada qalacağım iki həftə müddətində Sebenlə bağlı əsər bəstələmək istəyirəm. Təbii ki, əgər buna aid bir şeir olarsa. Bundan başqa, TÜRKSOY-un Kamera orkestri üçün də əsər yaza bilərəm. İnanıram ki, bu layihə vasitəsilə türk dünyası bəstəkarları arasında gözəl sənət mübadiləmiz qurulacaq və bir-birimizdən faydalanacağıq”. 
   Başqırdıstandan gələn bəstəkar Vireniya Likaçeva isə türk dünyası bəstəkarlarının tərkibində Boluda olmasından məmnunluğunu ifadə etdi: “Türkiyəyə ilk dəfədir ki, gəlirəm. Bolunun təbiətini çox bəyəndim. Burda olduğum müddətdə Sebenə həsr edilən və xorda ifa edilən bir əsər yazacağam”. 
   Tatarıstandan Alsu Suqnatullina da Bolunun möhtəşəm təbiəti olduğunu və artıq bundan təsirləndiyini dedi. Elə bu təbiətin təsiri ilə də pianoda əsər yazacağını bildirdi. Bəstəkar türk dünyasından gələn bəstəkarlarla dostlaşdıqlarını, fikir mübadiləsi apardıqlarını da söylədi. 
   Tədbirdən sonra “Bəstəkarlar evləri” ilə tanış olduq. Səkkiz evdən ibarət olan bu məkanda Azərbaycan evi korifey bəstəkarımız Qara Qarayevin adını daşıyır. İçəridə bəstəkarın böyük portreti asılıb. Buradakı piano isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin hədiyyəsidir. İki otaqdan ibarət evlərdə çalışmaq üçün bəstəkarlara bütün imkanlar yaradılıb. 
   Mayın 28-də isə Ankarada - TÜRKSOY-un qərargahında bəstəkarlarla görüş keçirildi. Onlar qurumun fəaliyyəti ilə yaxından tanış oldular. 
   
   Mehparə Sultanova
   Ankara