Özbəkistanın Xalq artisti Ramiz Usmanov. Desək ki, bu ad Bakının operasevər auditoriyasının sevdiyi isimlərdən birinə çevrilməkdədir, yəqin ki, yanılmarıq. 2010-cu ildə Bülbül adına vokalçıların Beynəlxalq müsabiqəsində "Ən yaxşı tenor" mükafatına layiq görülərkən hiss olunurdu ki, bu qaragöz, arıq oğlan opera səhnəsinin tanınmış simalarından olacaq. Sonrakı illərdə Ramiz daha bir neçə beynəlxalq müsabiqədə iştirak edib, mükafatlar qazansa da, onu Azərbaycanda görmədik. Amma 2017-ci ildə o, artıq iki dəfə bizim Opera və Balet Teatrının səhnəsində çıxış edib. Özü də klassik musiqi xiridarlarının yaxşı bələd olduğu "Bohema" və "Trubadur" operalarında əsas tenor partiyalarını (Rudolf və Manriko) ifa edib...
Onunla, ötən şənbə oynanılmış "Trubadur" tamaşasından bir gün əvvəl, operanın məşqindən sonra görüşdük. Daşkənddə axşamkı konsertdən sonra gecəni aeroportda keçirmiş, üstəlik, Bakıya iki təyyarə dəyişərək gəlmişdi. Hava limanından birbaşa teatra - məşqə gələn vokalçı yorğun görünsə də, nə onunla köhnə tanışı kimi görüşən azərbaycanlı həmkarlarından, nə də bizdən təbəssümünü əksik etmədi.
- Ramiz, xoş gəlmisiniz!.. Sizi yenidən səhnədə dinləmək imkanına görə çox şadam.
- Mən də çox şadam ki, yenidən Bakıdayam.
- Türksoylu kimdənsə müsahibə alarkən özümü doğma birisi ilə ürək söhbəti edirmiş kimi hiss edirəm. Üstəlik, sizin səsiniz Rəşid Behbudovun səsini xatırladır...
- Müqayisəyə görə çox sağ olun. Amma Rəşid Behbudov çox böyük sənətkardır... Azərbaycan musiqisi tarixində elə gözəl ifaçılar, bəstəkarlar var ki!.. O ki qaldı sevgiyə, doğma münasibətə, mən də Bakıda özümü rahat hiss edirəm. İlk baxışdan məhəbbət yəqin ki, belə olur. Sizin teatrı çox sevirəm. Təsəvvür edirsiniz, bu səhnədə ikinci dəfə oxuyacağam, amma mənə elə gəlir ki, bu divarlar arasında illərlə məşq edib, səhnəyə çıxmışam. Hər kəsdən mehribanlıq görürəm. Sanki illərdir ki, birlikdə çalışırıq.
- Hər şey Rudolf partiyasının uğurlu ifası ilə başladı...
- Elədir. Bülbül adına müsabiqədə də Rudolfun ariyasını oxumuşdum. O zaman münsiflər heyətinin sədri Yevgeni Nesterenko hətta ayağa qalxdı, əlləri ilə hər kəsə işarə edərək anlatdı ki, yuxarı notları məhz bu cür götürmək lazımdır. Deyəsən, mən o vaxt səsimi göstərmək üçün yuxarı notlarla 2-3 dəqiqədən artıq gəzişmişdim. Müsabiqənin şərtinə görə, Azərbaycan bəstəkarlarının əsərlərinə də müraciət etmişdim. O zamandan "Sevgili canan"ı, "Arşın mal alan"dan Əsgərin ariyası repertuarımdadır. Gərək ki, sosial şəbəkədə paylaşımlarımda həmin ifalarımı eşitmisiniz...
- Yadımdadır. Bu yaxınlarda keçirilmiş "Daşkənd baharı" festivalında Azərbaycan vokal məktəbinin təmsil olunması bizləri bir qədər də doğmalaşdırdı...
- Elədir. Festivala "Bohema" tamaşasında tərəfdaş olduğum Afaqı (Əməkdar artist Afaq Abbasova) dəvət etmişdim. Afaqı da Daşkənddə eyni mehribanlıqla qarşıladılar. "Trubadur" tamaşasında da, konsertdə də gözəl çıxış etdi. Fikrim var ki, "Riqoletto" tamaşasına İnarəni (Əməkdar artist İnarə Babayeva) dəvət edim. Belə çıxışlar, birgə tamaşalar xalqlarımızı bir-birinə daha yaxından tanıdır, bunsuz inkişaf etmək mümkün deyil.
- Yeri gəlmişkən, biz Ə.Nəvai adına Dövlət Akademik Böyük Teatrı barədə, özbək operası barədə demək olar ki, heç nə bilmirik...
- Teatrda hər həftə 4 tamaşa oynanılır: üçü klassik Avropa və dünya musiqisindən, biri də mütləq özbək müəllifinin əsəri. Məsələn, bu bazar günü (mayın 28-də) Mustafa Bafoyevin "Xəmsə" operasının premyerasıdır. İkram Akbarovun "Soqdianalı bəbir", Rüstəm Abdullayevin "Sədaqət", Sergey Yudakovun "Maysaranın kələkləri", Toxtasın Cəlilov və Boris Brovtsın "Tahir və Zöhrə" operaları da teatrın repertuarındadır.
- Rusiya mətbuatı sizi "Özbəkistan bülbülü" adlandırır... Yəqin ki, əsas tenor partiyalarının ağırlığı sizin öhdənizdədir...
- Mən elə deməzdim. Hazırda bizim teatr truppasında 14 tenor var. Cəmi iki nəfər nisbətən yaşlıdır, qalanların hamısı cavandır. Hamıya imkan vermək lazımdır ki, işləsin, çıxış etsin (gülür). Onsuz da Avropa operalarında əsasən mən çıxış edirəm, qastrol tamaşalarım, konsertlərim çox olur. Bu yaxınlarda mənə C.Puççininin "Turandot" operasında Kalafı oxumağı təklif etdilər. Amma müəllimimlə belə qərara gəldik ki, Kalaf partiyası mənim üçün hələ bir qədər tezdir...
- Manriko da heç asan partiya deyil. Vokalçıdan təkcə güclü səs yox, kifayət qədər də çeviklik, səhnə hərəkətləri, döyüş texnikasına bələdlik tələb edir...
- Düz deyirsiniz, əslində tenorlar Manrikonu o qədər də sevmirlər. Çox qəliz partiyadır, yuxarı notlara iti qalxmalar, sərt keçidlər var, serenada da səhnə arxasında ifa edilir, üstəlik də döyüş səhnəsi...
- Sabah Manrikonu oxuyacaqsınız. Məşq sizə necə təsir bağışladı?
- Dirijor Əyyub Quliyev elə ilk dəfədən mənim istədiyim tempi tutdu. Bəzən dirijorlar Manrikonun səhnələrində, əsas partiyalarda, duet və reçitativlərdə də ləng başlayırlar. Amma mən iti, sürətli keçidlə başlamağı xoşlayıram. İlk dəfədən dirijorla bir-birimizi anlamağımız məni əmin edir ki, tamaşa da yaxşı keçəcək. Ümumiyyətlə, deyim ki, sizin dirijor məktəbiniz çox güclüdür. Hələ müsabiqə vaxtından maestro Rauf Abdullayevin cavanlara tövsiyələri yadımdadır, "Bohema"nı isə Cavanşir Cəfərov uğurla idarə etmişdi.
- Bu gün vokalçılar geniş səsyazma studiyalarının yoxluğundan şikayətçidirlər. Həqiqətən də, albom yazılışından ötrü orkestr ilə başqa bir ölkəyə getmək, orada günlərlə qalmaq çox baha başa gəlir. Özbəkistanda bununla bağlı vəziyyət necədir?
- Son zamanlaradək elə siz deyən kimi idi. Amma teatr binasının təmir və bərpasından sonra müasir, geniş səsyazma studiyası təşkil edilib. Teatrdan çıxmadan orkestrlə məşq etmək, çıxışları lentə almaq mümkündür. Artıq mən də albom üzərində işə başlamışam, yəqin ki, payızda hazır olacaq.
- Elə isə Bakıya növbəti səfərinizdə həmin albomu hədiyyə olaraq gözləyəcəyəm.
- Mütləq!
- Deyəsən, bu dəfə də Bakıya həyat yoldaşınızla gəlmisiniz?
- Xurşidə Bakıya məndən əvvəl, dünən gəlib. Ailəliklə Bakının heyranıyıq.
- Bəs uşaqlar demirlər ki, bizi də Bakıya aparın?
- Deyirlər, amma sənədlərini düzəltməyi çatdırmadıq... Bir qızım, bir oğlum var. Hər ikisi musiqini çox sevir. Oğlumun altı yaşı var, amma indidən Neapol mahnılarını oxuyur, hətta mənə məsləhətlər verir (gülür).
* * *
Dostluğu əməldə yaşadıb göstərəndə inanırsan ki, hər şey daha yaxşı, münasibətlər daha isti, əlaqələr daha güclü olacaq. Özbək qonağımız Ramiz Usmanov ilə həyat yoldaşı Xurşidə xanım bizim teatrda, Bakıda gördükləri hərarətli münasibəti, paytaxtımızın görməli yerlərini, Xəzər sahilində keçirdikləri istirahət anlarını həvəslə dünyaya səpələnmiş dostları ilə paylaşırlar. Qədirbilənliyiniz üçün sağ olun, dostlar! Məhəbbətimiz qarşılıqlıdır.
Gülcahan Mirməmməd