Vokal musiqinin əsas janrlarından biri də romansdır. Bu janr ilk dəfə orta əsrlərdə İspaniyada poeziya növü (yerli - “roman” ləhcəsində instrumental musiqinin müşayiəti ilə ifa olunan lirik şeir forması) kimi yaranıb. XVIII əsrin sonlarında digər ölkələrdə bu janr musiqinin vokal növlərindən biri kimi inkişaf etməyə başlayıb. Bəzi ölkələrdə romans və mahnı eyni məna daşıyırdı. Musiqili poetik janr olan romansın, mahnıdan fərqli olaraq, bədii mətni klassik poeziya növlərini ehtiva edir. 
   Dünya musiqi tarixində Lüdviq van Bethoven, Frans Şubert, Mixail Qlinka, Pyotr Çaykovski, Aleksandr Borodin, Sergey Raxmaninov kimi bəstəkarlar romans janrını lirik-sentimental məzmuna malik, insani hisslərin ən yüksək məcmusu kimi təqdim ediblər. Bu mənada romans janrı romantizm cərəyanının mövcud olduğu dövrlərdə daha geniş yayılıb. XIX əsrin musiqisində aparıcı janrlardan biri məhz romans olub. 
   Azərbaycan professional musiqi tarixində romans janrının ilk yaradıcısı Asəf Zeynallıdır. O, 1923-cü ildə Cəfər Cabbarlının "Ölkəm” şeirinə yazdığı romansla Azərbaycan musiqisində bu janrın əsasını qoymaqla bərabər, həm də romansa yeni bədii məna gətirdi. Belə ki, ülvi məhəbbət hisslərinin tərcümanı kimi təqdim olunan, yalnız insan məhəbbətini tərənnüm edən romans janrı Asəf Zeynallı yaradıcılığında vətənpərvərlik mövzularının təmsilçisinə çevrildi. Bəstəkarın “Sual”, “Çadra”, “Seyran” və bu kimi romansları ideya məzmunca bir-birinin davamı olan dəyərli incilərdir. 
   Azərbaycan bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir Hacıbəyli isə romans janrının yeni bir növünü yaratdı. Bu qəzəl-romans janrıdır. Bəstəkarın dahi şairimiz Nizami Gəncəvinin 800 illik yubileyinə həsr etdiyi “Sənsiz” və “Sevgili canan” əsərləri qəzəl-romans janrının ilk nümunələridir. 
   Sonralar bəstəkarlarımız musiqinin digər janrları ilə yanaşı romans janrına da böyük üstünlük verərək çox dəyərli əsərlər yaratdılar. Ağabacı Rzayeva “Oxuma, gözəl” (sözləri A.Puşkin), Fikrət Əmirov “Gülüm” (sözləri N.Gəncəvi), Cahangir Cahangirov “Gül camalın” (N.Gəncəvi), Süleyman Ələsgərov “Vətənimdir” (M.Füzuli), Tofiq Quliyev “Bəxtəvər oldum” (Ə.Xaqani), Vasif Adıgözəlov “Qərənfil” (X.Natəvan) və daha neçə-neçə bəstəkarlarımız əsl Azərbaycan romansını yaratdılar. Onların romansları vokal musiqimizi inkişaf etdirməklə bərabər, vokalçılarımızın repertuarını da zənginləşdirirdi. Bülbül, Mobil Əhmədov, Rəhilə Cabbarova, Sona Aslanova, Rəşid Behbudov, Firəngiz Əhmədova, Yaşar Səfərov, Şövkət Ələkbərova, Fidan və Xuraman Qasımovalar və digər görkəmli müğənnilərimizin repertuarında romans janrı mühüm yer tutur. 
   Hazırda musiqi sənətimiz romans janrı baxımından sanki böhran dövrünü yaşayır. Bu barədə musiqiçilərlə tez-tez söhbətlər aparır və bu problemin həlli barədə fikir mübadiləsi edirik. Belə söhbətlərdən biri də “Mədəniyyət” televiziya kanalının direktoru, Əməkdar artist, Prezident mükafatçısı Ramil Qasımovla oldu. Peşəkar vokal ifaçılığı ilə Azərbaycan opera səhnəsində Ü.Hacibəylinin “Koroğlu” operasında Koroğlu, R.Mustafayevin “Vaqif”ində Vaqif, F.Əlizadənin “İntizar” operasında Arif kimi obrazlar yaradan, Bülbül, Mobil Əhmədov məktəbini layiqincə davam etdirən Ramil Qasımov həm də romanslarımızın mahir ifaçısıdır. O da qeyd edir ki, Azərbaycan musiqisində romans janrında çox dəyərli əsərlər yaranıb və bu gün də vokalçılarımız onlardan geniş istifadə edirlər: “Amma, etiraf etməliyik ki, hal-hazırda romans janrında bir boşluq yaranıb. Nədənsə, bəstəkarlarımız, xüsusən də, gənc bəstəkarlar bu janra az müraciət edirlər. Demək olar ki, yeni romanslar yazılmır, yazılsa da təbliğ olunmur, ictimaiyyətə çatdırılmır. Romans elə bir janrdır ki, o, insanın daxili aləmini, onun etik və estetik fikirlərini ifadə etməklə insana yüksək bədii zövq aşılayır. Bu gün məhz belə romanslara böyük mənəvi ehtiyac var. Elə musiqimizin inkişafı üçün də bu çox gərəklidir”. 
   Həmsöhbətim bildirir ki, bu problemi həll etmək, mövcud olan boşluğu doldurmaq və romans janrını yüksək səviyyədə təbliğ etmək məqsədilə “Mədəniyyət” kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə bəstəkarlar arasında romans janrında müsabiqə elan edilib: “Mədəniyyət” televiziya kanalı, Azərbaycan Radiosu, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bir sıra tədbirlər, layihələr həyata keçirilib. Elan etdiyimiz bu müsabiqədə də əminik ki, romans janrında Azərbaycan musiqisinə yeni əsərlər bəxş olunacaq. Bütün bəstəkarlarımızın bu müsabiqədə fəal iştirak etmələrini arzulayırıq”.
   Beləliklə, romans müsabiqəsinə artıq start verilib. İyun ayının 30-dək hər bir bəstəkar öz yeni romansları ilə bu müsabiqədə iştirak edə bilər. 
   Müsabiqənin şərtlərinə gəlincə, iştirak etmək istəyənlər romans janrında yazılan əsərin notunu və rəqəmsal formatda müğənninin ifasını iyunun 30-dək medeniyyettv@aztv.az ünvanına göndərməlidir. Əsərlərdə müasirlik, ideologiya və mənəvi ruh göstərilməlidir. Yəni bədii məzmun lirik və vətənpərvərlik mövzularını əhatə edə bilər. Bəstəkarlar klassik poeziya janrları ilə bərabər gənc şairlərin də şeirlərinə müraciət edə bilərlər. Əminik ki, bu müsabiqədə həm Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri, həm də bəstəkarlıq sənətinə qədəm qoyan gənclərimiz fəal iştirak edəcəklər. Müsabiqənin qalibləri professional musiqiçilər tərəfindən müəyyən ediləcək. Əsərlər dəyərləndirildikdən sonra I, II və III yerlərin qalibi müəyyənləşəcək, qaliblərə müvafiq pul mükafatı veriləcək. Hər bir iştirakçıya uğurlar arzulayır və inanırıq ki, bu müsabiqə sayəsində musiqi sənətimizə yeni romanslar daxil olacaq.
   
   Səadət Təhmirazqızı
   Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru