Mədəniyyət və Turizm Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və akademiyanın orta ixtisas musiqi məktəb-studiyası Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş IV Respublika elmi-ifaçılıq müsabiqəsi elan edib. Müsabiqə çərçivəsində “Fortepiano, kamera-instrumental və vokal musiqisi Cövdət Hacıyev yaradıcılığında” mövzusu üzrə Respublika elmi-ifaçılıq konfransı da təşkil olunacaq. Dekabrın 4-dən 11-dək reallaşacaq layihənin müəllifi və bədii rəhbəri professor Tərlan Seyidovdur.
Üç yaş qrupu (9-12, 13-16, 17 və yuxarı) üzrə təşkil ediləcək müsabiqə iki mərhələdə baş tutacaq. Birinci mərhələdə müsabiqənin proqramına uyğun olaraq ifa edilən əsərlərdən hər hansı birinə dair məruzə edilməli, digər əsərlərə isə annotasiya (qısa məlumat) yazılmalıdır. Məruzənin mətni 2-4 çap vərəqi həcmində olmalıdır. İkinci mərhələdə isə birinci mərhələdə baxılan əsərlərin konsert ifası (əzbər) olacaq.
Müsabiqədə iştirak etmək istəyənlər öz ərizələrini (tam sənədlər paketi ilə birgə) noyabrın 2-dək təşkilat komitəsinə (AZ 1014, Bakı, Şəmsi Bədəlbəyli küçəsi, 98, Bakı Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb-studiyası) təqdim etməlidirlər. Münsiflər heyəti tərəfindən müəyyən ediləcək qaliblər mükafatlandırılacaq.
Müsabiqə ilə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://mct.gov.az/az/elanlar/covdet-hajiyev