Və yaxud yaradıcılığına rəğbət bəslədiyim Ramiz Əzizbəylinin sənəti barədə bir neçə xoş söz
   
   Milli teatr və kino sənətimizdə çox nadir səsə malik aktyor və aktrisalarımız olub. Bu ustadların bir qismini mən həm səhnədə və televiziyada görmüşəm, həm də həyatda onlarla canlı ünsiyyətdə olmuşam. Barat Şəkinskaya, Hökumə Qurbanova, Nəsibə Zeynalova, Əliağa Ağayev, Yusif Vəliyev, Həsən Turabov, Səməndər Rzayev... Bunlar bənzərsiz səs sahibləri idilər və onların sənət uğurlarının böyük bir qismi məhz səsin ecazkarlığının, sehrinin, şirəliliyinin payına düşüb.
   
   Bir də var məlahətli və şirin, qəltanlı və gur, cingiltili və dramatik, zərif və lirik... səsi olan aktyorlar ki, bu sırada siyahını xeyli uzatmaq olar. Həmin siyahıda layiqli yeri olan sənətkarlardan biri də, fikrimcə, Ramiz Əzizbəylidir. Onu da deyim ki, Ramizin səsi dadlı, duzlu, xarakterik və şirin bölümə aiddir. Bu şirinlikdə onun koloritli müğənnilik səriştəsi də formalaşıb. Eşidənlər bilirlər ki, Ramiz Əzizbəyli mahnıları, xüsusən el nəğmələrini («Bəyin oğurlanması» bədii filmində oxuduğu «Aman Tello» mahnısını xatırlayaq) şövqlə oxuyur və sanki adamın ürəyindən tikan çıxarır. Bu mənada və aktyor kimi mənim Ramizdən incikliyim də var və əvvəlcə o umacağımı deyim, sonra əsas mətləbə keçərəm.
   Ramiz Əzizbəyli aktyorluq sənətinə gəlişinin ilk illərində bir müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işlədi. Çox təəssüflər ki, bu səhnədə az duruş tutdu. Nəyə görəsə, kimlərə görəsə teatrdan çıxdı... Qətiyyətlə və inamla deyirəm, Ramizin səhnəyə gəlişi hadisəyə çevrilmək üzrəydi və bu, üzdə olan bəzi aktyorları rəncidə etmişdi, necə deyərlər, onların kürklərinə birə salmışdı. Bax, onda gərək Ramiz incikliyi önə buraxmayaydı, istedadına arxalanıb inadkarlıqla, cəsarətlə və ötkəmliklə mübarizə aparaydı. Əgər bunu etsəydi biz səhnədə yeni Məşədi İbad («O olmasın, bu olsun»), yeni Soltan bəy və Vəli («Arşın mal alan»), yeni Məhəmməd («Ulduz»), yeni Qəhrəman («Gözün aydın»), yeni Dadaşbala («Hicran»), Gülümsərov («Ulduz»), Murtuzov («Özümüz bilərik») obrazlarını və daha neçə-neçə dadlı-duzlu səhnə personajlarını görəcəydik.
   Düzdür, Ramiz uzun illər sonra Dövlət Gənclər Teatrında Məşədi İbad rolunu oynadı. Ancaq söhbət Musiqili Komediya Teatrından gedir. Ona görə də mən aktyorun bu teatrdan getməsini (daha dəqiq desəm, buna məcbur edilməsini) ürək ağrısı ilə xatırlayıram və günü bu gün də həmin olaya dərindən acıyıram. Biz, mübaliğəsiz-filansız, sözün əsil mənasında bənzərsiz, orijinal, zəngin tipik ifadə vasitələrinə malik bir teatr aktyorunu itirdik...
   Bəzən fikirləşirəm ki, Ramiz içində çəkdiyi cığallığı bir kənara atıb mübariz olsaydı, bəlkə də səhnədən getməzdi. Ancaq onun sənətkar qüruru və bir az da indinin özündə belə onun xarakterini tərk etməyən yersiz təkəbbürü ələkdən keçirilsəydi Ramiz Əzizbəyli səhnədə qalardı... Osmanlılar demişkən, keçmiş ola...
   Yaxşı ki, Ramiz Əzizbəyli kinodan çox küsməyib, televiziyadan isə bir az yüngülcə inciyib. Amma həm kinoda, həm televiziyada Ramiz Əzizbəylinin rejissor və aktyor kimi maraqlı yaradıcılıq uğurları lentlərdə qorunur.
   Ramiz Əzizbəyli «Pirverdinin xoruzu» adlı ilk filmini «Debüt» studiyasında çəkib. Qısametrajlı bədii film 1987-ci ildə ekranlara çıxıb. Sonra «Bəxt üzüyü» (1991), «Yalan» (2006) bədii və «Qovğalı kəndinin gecələri» (2007) bədii televiziya filmlərini çəkib. Elə bu filmlərdən görünür ki, Ramiz milli gülüş mədəniyyətini, karnaval estetikasını dərindən duyur. O, məişət hadisələri zəminindəki yumora ictimai-sosial ahəng verməyi bacarır. Adi gülüşdən psixoloji yumora, psixoloji yumordan satiraya, satiradan qroteskli ironiyaya keçidlərdə həssaslıqla işlənmiş möhkəm bədii-psixoloji bağlar tapır.
   «Qərib cinlər diyarında» (Ərxas), «Şir evdən getdi» (Kişi), «Asif, Vasif, Ağasif» (Milis nəfəri), «Gümüşgöl əfsanəsi» (Tofiq), «Köhnə bərə» (Kərim), «Atları yəhərləyin» (Koxa), «Bağ mövsümü» (Əmirqulu), «Bəyin oğurlanması» (İsabala), «Xüsusi vəziyyət» (Yusif), «İşarəni dənizdən gözləyin» (Mustafa), «Qəm pəncərəsi» (Kərbəlayi Oruc), «Şeytan göz qabağında» (Direktor), «Şahid qız» (epizod), «Qəzəlxan» (Məmmədəli) kinolentlərində müxtəlif xarakterli rollar oynayıb. Daha bir neçə filmdə epizodik rollarda, «Mozalan» satirik kinojurnalın bədii süjetlərində çəkilib. Bu rolların heç də hamısı filmin əsas obrazı deyil. Lakin Ramiz Əzizbəylinin koloritli oyunu sayəsində, məsələn, İsabala və Koxa obrazları filmin canlı personajları kimi yadda qalır. Özlərinin yumor şirəsi, gülüş məzəsi və aktyorun ifadəli göz-sifət oyunları ilə tamaşaçıların duyğularında dərin izlər buraxır. Hətta bu baxımdan cəmi bir cümləsi olan və ekranda heç yarım dəqiqə də qalmayan Yoldan keçən («Bəxt üzüyü») surəti də koloritli cazibəsilə seçilir.
   Bunun da əsas səbəbi odur ki, Ramizin ifa edəcəyi obrazlara yanaşma tərzi orijinaldır, bədii səciyyəsi ilə seçilir. Aktyor konkret məkan daxilindəki kiçik epizodu filmin ana xətti ilə həssaslıqla uzlaşdıra bilir. Bütün bunların ürəyəyatımlığını isə Ramizin müxtəlif çalarlı cazibəli səsi tamamlayır, gördüyümüz obrazın məlahətini, yapışığını artırır. Elə bu səs koloritinə görə Ramiz Əzizbəyli «Azərbaycanfilm»in istehsal etdiyi neçə-neçə ekran əsərində başqa-başqa yaradıcılıq üslubu olan aktyorların ifasını səsləndirib. Yüzdən çox filmin dublyajında silsilə rolları səslə canlandırıb.
   Aktyor və rejissor Ramiz Əzizbəylinin yaradıcılıq palitrasına xas olan bədii-estetik səciyyələri aşağıdakı şəkildə ümumiləşdirmək olar.
   Ramiz Əzizbəylinin əlvan yaradıcılığının mayasında onun istedadının səmimiyyəti və milli gülüş mədəniyyətimizin dadı və şirəsi, lətafəti və təravəti durur. Belə yanaşma tərzinə görə aktyorun ifasındakı obrazlarda güclü rəng koloriti var.
   Ramiz Əzizbəyli gülüşün enerji nüvəsini düzgün müəyyənləşdirməklə onun mərkəz nöqtəsinə istinad edir. Ümumi gülüş palitrasında Ramizin obrazı parlaqlığı və cazibəsi ilə yadda qalır.
   Ramiz Əzizbəyli obrazın koloritli bədii səciyyələrini cilalayıb ona xarakterik tip bədiiliyi verməkdə həssas və təcrübəlidir. Bu həssaslıq və bu təcrübə onun ifa etdiyi surətlərə dərin millilik aşılayır.
   Ramiz Əzizbəyli şirin və dadlı səsindən onlarla fərqli çalar və variasiyada bəhrələnə bilir. Hər məqamda da sanki onun səsinin yeni-yeni çalarları üzə çıxır.
   Ramiz Əzizbəyli hər obraza fərqli hərəkət ritmi tapır. Bu ritmin ahəngdarlığında aktyorun plastikası ifadəli və cazibəlidir.
   Ramiz Əzizbəylinin gülüşü ötəri deyil. Tamaşaçıya həzz və ləzzət verməklə yanaşı, qəlblərə dərindən sirayət edir və obrazın millilik şirəsini bir az da qabardır, onun koloritini daha da artırır.
   Ramiz Əzizbəyli hətta ən gözlənilməz nöqtələrdə belə kameranı həssaslıqla duyur. Buna görə də rejissor və aktyor kimi onun bütün planlarında bədiiliyin estetik ölçüsü var.
   Ramiz Əzizbəyli kinonun bədii və texniki şərtlərini bilir. Buna görə də onun həm öz ifası, həm başqa aktyorun oynadığı hansısa obrazı səsləndirməsi və dublyajları bitkin təsir bağışlayır.
   Ramiz Əzizbəylinin sənət təcrübəsi onun Mədəniyyət və İncəsənət Universitetindəki pedaqoji fəaliyyətində əyani vəsait kimi tələbələrə çatdırılır. Aktyorluğunun bir qolu estrada satira-yumor yaradıcılığı ilə bağlı olan Ramiz Əzizbəyli estrada sənəti kafedrasında dərs deyir. Tədris prosesində bədii material qıtlığı olanda özünün yazdığı yığcam səhnəciklərdən, sketçlərdən, parodiyalardan, zarafatyana şeirlərdən istifadə edir. Onun bu səpkidə kitabı da çıxıb.
   Ramiz Əzizbəylinin bir gözəl insani keyfiyyəti də var ki, onu ancaq dostları bilirlər. Bu da onun məclisdə son dərəcə şən və mehriban olması, dadlı-duzlu söhbətləri, şirin zümzümələri ilə süfrə ətrafına toplaşanlara xoş ovqat bəxş etməsidir. Əminəm ki, bir müddət sonra onun növbəti ad günündə dostları bunun bir daha şahidi olacaqlar.
   İndi isə mən sözümü burada saxlayıb, qalanını ad günündə söyləmək arzusu ilə və Ramiz Əzizbəyliyə cansağlığı arzulaya-arzulaya yazıma nöqtə qoyuram.
   
   İlham Rəhimli