D.Şostakoviç adına Sankt-Peterburq Dövlət Filarmoniyasında “Musiqi Olimpi” XXII Beynəlxalq musiqi festivalının bağlanış mərasimi keçirilib. Konsertdə Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi altında Sankt-Peterburq Akademik Filarmonik Orkestri çıxış edib.
Dirijor bildirib ki, XIX-XX əsrlərdə yazılmış məşhur simfonik və instrumental əsərlərin yer aldığı konsertdə beynəlxalq müsabiqələrin qalibləri - violonçel ifaçısı Kristof Kruaze (İsveçrə) və pianoçu Yelizaveta Klyuçereva (Rusiya) solist kimi çıxış ediblər. Rusiyanın Xalq artisti, görkəmli violonçel ifaçısı, Sankt-Peterburq Konservatoriyasının professoru Anatoli Nikitinin xatirəsinə həsr olunmuş həmin gecədə məşhur musiqiçinin ən çox sevdiyi əsərlər səsləndirilib.
Anşlaqla keçən konsertin sonunda Əyyub Quliyev çıxış edərək, bu ilin fevral ayında dünyasını dəyişmiş professor Anatoli Nikitinlə bağlı xatirələrini bölüşüb və Azərbaycan musiqiçilərinin Rusiyada uğurlu konsert fəaliyyəti ilə bağlı məlumat verib.
Konsertiə tamaşa edən Rusiyanın “Mədəniyyət” kanalının baş direktoru Sergey Şumakov, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, “Musiqi Olimpi” Fondunun prezidenti İrina Nikitina tədbirdən sonra iştirakçıları təbrik edərək, Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin inkişafında belə musiqi layihələrinin əhəmiyyətini xüsusilə vurğulayıblar.