İyunun 5-də Azərbaycan Dövlət Mahnı Teatrında paytaxtın Nizami rayon Uşaq-gənclər yaradıcılıq mərkəzinin vokal, tar, saz, nağara, fortepiano qruplarını özündə birləşdirən “Musiqisevərlər” dərnəyinin “Musiqi çələngi” adlı hesabat konserti keçirilib.
Uşaqların bir-birindən gözəl, rəngarəng musiqi nömrələri - vokal və musiqi alətlərində çıxışları tədbirə toplaşanların alqışları ilə qarşılanıb. Musiqisevərlərin ifasında Azərbaycan və xarici bəstəkarların müxtəlif janrlarda əsərləri səsləndirilib. Tədbirdə qonaq olan Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin və bəstəkar Sevinc Tofiqqızının mahnıları da ifa olunub.
Konsertin ən maraqlı məqamı isə valideynlərin hazırladığı sürpriz olub. Belə ki, onlar vokal müəllimi Gülnarə Qurbanova ilə birlikdə “Tələbə” mahnısını oxuyublar. Tədbir bütün uşaqları dostluğa, həmrəyliyə səsləyən “Dostluq himni” ilə sona yetib.
S.Qaliboğlu