Azərbaycanın musiqisinin, instrumental ifaçılığın inkişafına və təbliğinə töhfələr verən sənətkarlarımızdan biri də tanınmış tar və kamança ifaçısı, Əməkdar artist Elman Bədəlov olub.
   Əslən şuşalı olan Elman Kərim oğlu Bədəlov 4 iyun 1929-cu ildə Ağdamda dünyaya göz açıb. Əmisi Rəhim Bədəlov uzun müddət Ağdam rayon Pionerlər evinin musiqi dərnəyinə rəhbərlik edib. Elmanı da tez-tez özü ilə dərnəyə aparıb və beləliklə onda erkən çağlardan musiqiyə həvəs oyanıb. O, dərnəyin tar şöbəsində tarzən Nəriman Mehralıyevdən, əmisi Rəhimdən tar sənətinin incəliklərini öyrənir. 
   Sənətdə püxtələşən Elmanın şöhrəti rayonun ən ucqar yaşayış məntəqələrinə çatır. Konsertlərdə və el şənliklərində yaxından iştirak edir. Ağdam Dövlət Dram Teatrına musiqi hissə rəhbəri kimi işə götürülür. 
   Bu zaman Elman Bədəlovun 18 yaşı vardı. O, Azərbaycan gənclərinin Bakıda keçirilən ikinci musiqi festivalında iştirak edir və laureat olur. Onun festivaldakı ifaları lentə köçürülür, bir müddət sonra radioda səsləndirilir. E.Bədəlovun ifa etdiyi “Şur” və “Segah-Zabul” muğamları ustad sənətkarları məftun edir.
   Araşdırmalarda qeyd edilir ki, E.Bədəlov bir gün qonşuluqda Əli adlı bir kamançaçının ifasına qulaq asır və ifaya heyran qalır. Bu ifadan sonra kamançaya möhkəm tellərlə bağlanır. Böyük istəklə kamançanın sirlərini açmağa çalışır. Qonşu da gənc tarzənin vurğunluğunu nəzərə alır və ona bir kamança bağışlayır. E.Bədəlov böyük həvəslə kamança sənətinin də sirlərinə vaqif olur.
   İllər ötdükcə E.Bədəlovun sorağı müxtəlif mədəniyyət tədbirlərindən və festivallardan gəlir. Bir neçə dəfə Qarabağ məktəblilərinin Bakıda keçirilən respublika olimpiadasında iştirak edir və laureat olur. Ağdam Musiqi məktəbində kamança müəllimi kimi fəaliyyət göstərən musiqiçi eyni zamanda şəhərin özfəaliyyət dərnəyinə də rəhbərlik edir. Ancaq ali təhsil almaq məqsədilə əvvəlcə Pedaqoji texnikumu, sonra isə Ağdam İkiillik Müəllimlər İnstitutunun Fizika-riyaziyyat şöbəsini bitirir. Rayonun Çəmənli və Əhmədavar kənd məktəblərində müəllimlik edir. Bununla belə bir gün də olsun kamançasından ayrılmır.
   Vaxtilə E.Bədəlovun ifasında lentə alınan “Çahargah” muğamı görkəmli bəstəkar və pedaqoq Səid Rüstəmovun diqqətini çəkir. Onu daha yaxşı lentə köçürməyi məsləhət görür. İfaçı bu fikirdən çox məmnun qalır və musiqi sənətinə açılan yollarda inamla irəliləmək üçün professional təhsil almağın vacibliyini başa düşür. 
   O, 1957-ci ildə Asəf Zeynallı adına Bakı Orta ixtisas musiqi məktəbinə daxil olur. İkinci kursda Səid Rüstəmov ona dərs deyir. Onun ifaçılıq qabiliyyətinə bələd olan görkəmli sənətkar E.Bədəlovu Azərbaycan Televiziyası və Radiosu Xalq çalğı alətləri orkestrinə işə götürür. 
   Uzun müddət ansamblda çalışan E.Bədəlov kollektivin kamança qrupunun konsertmeysteri kimi fəaliyyət göstərir. Sonra Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi şöbəsini kamança ixtisası üzrə bitirir. O, solo ifaçısı və muğam üçlüyünün tərkibində müxtəlif konsertlərdə çıxış edir. Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və başqa ölkələrdə qastrol səfərlərində, festivallarda Azərbaycan musiqisini, muğamları özünəməxsus şəkildə ifa edir və alqışlarla qarşılanır. Onun kamançada ifa etdiyi “Bayatı-Şiraz”, “Dilkeş”, “Şüştər” muğamları, bir sıra bəstəkar əsərləri haqqında mütəxəssislər dəyərli fikirlər söyləyib. 
   İfaçılıq sənətinin inkişafında göstərdiyi xidmətlərə görə əməyi yüksək qiymətləndirilən sənətkar 1982-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 
   E.Bədəlovun ifasında “Şur”, “Segah”, “Şüştər”, “Rəhab”, “Hümayun”, “Bayatı-Şiraz”, “Rast” və başqa instrumental muğamlar Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin fondunda saxlanılır. Tanınmış musiqiçi pedaqoji fəaliyyətlə də məşğul olub. Bülbül adına Orta ixtisas musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 
   Görkəmli sənətkar 25 iyun 1991-ci ildə dünyasını dəyişib. 
   
   Savalan Fərəcov