Azərbaycan
    
   14 iyun 1794 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794 - 16.11.1852, Tiflis) Gəncədə anadan olub. 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Burada tanış olduğu şərqşünas-səyyah Fridrix Bodenştedt onun qəzəllərini almancaya tərcümə edərək öz imzası ilə nəşr etdirib, kitab Avropada geniş yayılıb. Yalnız xeyli vaxtdan sonra o, poetik incilərin Mirzə Şəfiyə məxsus olduğunu etiraf edib. 
   14 iyun 1888 - İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski (1888-1942) anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti hökumətlərində nazir postu tutub. Sovet dövründə mədəniyyət və maarif sahəsində çalışıb, repressiya olunub.
   14 iyun 1902 - İlk azərbaycanlı heykəltəraş qadın Zivər Nəcəfqulu qızı Məmmədova (1902 -22.4.1980) Bakıda anadan olub. Görkəmli mədəniyyət (Ü.Hacıbəyli, Ə.Əzimzadə) xadimlərinin, hərbçi və əmək qəhrəmanlarının heykəl və büstlərini yaradıb. 
   14 iyun 1913 - Əməkdar artist, opera müğənnisi Aliyə Ramazan qızı Terequlova (1913 - 23.3.1968) Tiflisdə anadan olub.
   14 iyun 1926 - Xalq artisti, tarzən Həbib Əbdülhüseyn oğlu Bayramov (1926 - 15.8.1994) anadan olub. 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək kollektivin bədii rəhbəri olub. 
   14 iyun 1947 - Bəstəkar, Xalq artisti Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov anadan olub. Piano, simfonik orkestr və kamera orkestri üçün konsertlərin, “Atatürk” odası, «Vətən» oratoriyası, caz kompozisiyaları və mahnıların müəllifidir.
   
   15 iyun 1918 - Bəstəkar, Xalq artisti Hacı Dadaş oğlu Xanməmmədov (1918 - 7.4. 2005) Dərbənddə doğulub. “Bir dəqiqə” operettasının, populyar mahnıların (“Getmə, amandı”, “Qurban olduğum” və s.) müəllifidir. Filarmoniyanın direktoru, Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.
   15 iyun 1924 - Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu; 1924 - 14.9.1992) Qazax rayonunda doğulub. "Azad", "Yolda" pyesləri, “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.
   15 iyun 1933 - Şair Zülfüqar Qodmanlı (Zülfüqar Mənsur oğlu Əliyev; 1933 - 24.3.1998) Masallı rayonunun Qodman kəndində anadan olub.
   15 iyun 1934 - Şair, ədəbiyyatşünas Hüseyn Kürdoğlu (Hüseyn Həsən oğlu Alışanov; 1934-2003) Laçın rayonunun Mollaməhmədi kəndində doğulub. 
   15 iyun 1945 - Xalq artisti Amaliya Əliş qızı Pənahova Gəncədə doğulub. 1964-cü ildən çalışdığı Milli Dram Teatrında, televiziya tamaşalarında çoxsaylı obrazlar yaradıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Babək”, “Gözlə məni”, “Cavad xan” və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000-2005) olub. Sənətşünaslıq elmləri doktoru, Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
    
   16 iyun 1864 - Maarif xadimi Həbib bəy Hacı İbrahimxəlil oğlu Mahmudbəyov (1864 - 30.7.1928) anadan olub.
   16 iyun 1888 - Xalq artisti Hacıağa Abbasov (1888 - 7.5.1975) Bakının Maştağa kəndində doğulub. 1921-ci ildən özünün yaratdığı Tənqid-Təbliğ Teatrına, daha sonra Akademik Dram Teatrına (1927-1929), Bakı Teatr Texnikumuna (1929-1937) rəhbərlik edib. “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Sabirin məhkəməsi” və s. pyeslərin müəllifidir. 
   16 iyun 1939 - Şair, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndan (1939 - 7.1.1999) anadan olub. "Çağlayan", “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir. 
   
   Dünya
    
   14 iyun 1811 - Amerika yazıçısı Harriet Biçer-Stou (Harriet Elizabeth Beecher-Stowe; 1811-1896) anadan olub. Ən məşhur əsəri olan “Tom dayının daxması” romanı 20-dən çox dilə tərcümə olunub.
   14 iyun 1835 - Yəhudi əsilli Rusiya pianoçusu və dirijoru, pedaqoq Nikolay Rubinşteyn (1835-1881) anadan olub. Moskva Konservatoriyasının qurucularından biridir. 
   
   15 iyun 1843 - Norveç bəstəkarı, dirijor Edvard Qriq (Edvard Hagerup Grieg; 1843-1907) anadan olub. “Per Günt” süitası, 600-dən çox mahnı və romansın müəllifidir.
   15 iyun 1920 - İtalyan aktyoru və rejissoru Alberto Sordi (Alberto Sordi; 1920-2003) anadan olub. Filmləri: “İtaliyalı Amerikada”, “Mən bilirəm ki, sən bilirsən ki, mən bilirəm” və s.
   15 iyun 1946 - Məşhur yunan müğənnisi Demis Russos (Artemios Ventouris Roussos; 1946 - 25.1.2015) Misirin İsgəndəriyyə şəhərində doğulub. Dünya üzrə 60 milyon tirajla musiqi albomu satılıb. 
    
   16 iyun 1313 - İntibah dövrünün görkəmli italyan yazıçısı, şair Covanni Bokkaçço (Giovanni Boccaccio; 1313-1375) anadan olub. Povest və hekayələr toplusu olan “Dekameron” əsərinin müəllifidir.
   16 iyun 1937 - Amerika yazıçısı, ssenarist və dramaturq Erik Siqal (Erich Wolf Segal; 1937-2010) anadan olub. “Məhəbbət tarixçəsi” povesti 20-dən çox dilə tərcümə olunub, əsər əsasında eyniadlı film çəkilib.
   16 iyun 1950 - Hind kinoaktyoru Mithun Çakroborti (Mithun Chakraborty) anadan olub. 1982-ci ildə ekranlara çıxan “Disko rəqqası” filmi ilə şöhrət qazanıb. 200-dən çox filmə çəkilib.
   
   Hazırladı: Vüqar Orxan