İyunun 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Britaniyanın hərbi orkestri konsert proqramı ilə çıxış edib. Konsert “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestri ilə Azərbaycan Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin birgə proqramı əsasında təşkil olunub.
Əvvəlcə Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karol Krofts çıxış edərək qonaqları salamlayıb.
Diplomat bildirib ki, Salamanka orkestri Britaniya ordusunun ehtiyatda olan zabitlərindən formalaşıb. Orkestrin üzvləri ehtiyatda olan zabitlər olduğundan onlar müxtəlif növ mülki işlərdə çalışırlar və hər çərşənbə axşamları toplaşaraq məşq edirlər. Kollektiv eyni zamanda Britaniya ordusunun və bütövlükdə geniş müdafiə sahəsini əhatə edən regional fəaliyyətlərə də öz dəstəyini göstərir. Bundan savayı orkestr Kipr, Fransa və digər yerlərdə müxtəlif parad və tədbirlərdə iştirak edib.
Sonra tədbirdə hər iki hərbi orkestrin ifasında musiqi parçaları səsləndirilib.