Mingəçevir Turizm Kollecində elmi-nəzəri konfrans
   
   Mingəçevir Turizm Kollecində “Regional turizm: mövcud vəziyyət və inkişaf tendensiyaları” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
   Tədbirdə şəhər İcra Hakimiyyətinin, Mingəçevir, Qəbələ və Bərdə Turizm İnformasiya mərkəzlərinin, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsul işçiləri, bölgədə fəaliyyət göstərən hotellərin rəhbərləri iştirak edib.
   Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov çıxış edərək Azərbaycanın turizm potensialı, ölkə Prezidenti tərəfindən bu sahənin prioritet elan edilməsi, turizm bazarı, turizm sahəsi üçün kadr hazırlığı barədə danışıb. Bildirilib ki, Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Ötən il Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min nəfər olub ki, bu da 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur.
   İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev Mingəçevirin turizm şəhərinə çevrildiyini, hər il minlərlə yerli və xarici qonağın bura səfər etdiyini bildirib.
   Sonra turizm sahəsi üzrə mütəxəssislər məruzələrlə çıxış ediblər. Tədbirdə turizmin daha da inkişaf etdirilməsi üçün müzakirələr aparılıb, təkliflər səsləndirilib.