İyunun 10-da Bakı Musiqi Akademiyasının Opera studiyasının konsert zalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qara Qarayev adına Mərkəzi incəsənət məktəbi və Gürcüstan məktəblərinin birgə konserti keçirilib.
Konsertdə P.İ.Çaykovskinin “İlin fəsilləri” fortepiano silsiləsi səslənib.
Tədbirin əvvəlində musiqişünas Elmira Pənahova əsər haqqında mühazirə ilə çıxış edib.
Sonra Qara Qarayev adına Mərkəzi incəsənət məktəbinin “İpək yolu” kamera orkestrinin müşayiəti ilə (bədii rəhbər və dirijor - Əməkdar artist Vaxtanq İmanov) məktəbin şagirdləri Jalə Quliyeva, Nərgiz Əliyeva, Münəvvər Alıyeva, Cavid Yusifzadə, Nailə İbrahimova, Səbinə Rzazadə və gürcüstanlı şagirdlər “İlin fəsilləri” silsiləsindən pyesləri ifa ediblər.
Sonda məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli və Gürcüstan nümayəndə heyətinin rəhbəri Tsisino Biçikaşvili ürək sözlərini söyləyiblər, gələcəkdə birgə layihələrdən söz açıblar.