Dağ-xizək turizmi sahəsində iki ölkəni əhatə edən turlar təşkil olunması təklif edilib
İyunun 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında turizm sektorunda əməkdaşlıq məsələləri müzakirə olunub, bu sahədə əlaqələrin daha da genişləndirilməsi üçün birgə fəaliyyətə dair fikir mübadiləsi aparılıb.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria Azərbaycanda turizmin inkişafı üçün geniş perspektivlər, bu sahədə həyata keçirilən yeniliklər barədə məlumatlı olduğunu bildirib. Qonaq ölkəsində reallaşdırılan layihələr haqqında da məlumat verib, dağ-xizək, sağlamlıq, termal turizm növlərinin inkişafından bəhs edib.
Əbülfəs Qarayev Gürcüstanın regionda turizm klasteri kimi mühüm rol oynadığını qeyd edib və bu sahədəki təcrübənin ölkəmiz üçün müsbət nümunə olduğunu bildirib. Birgə əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən nazir ölkəmizdə inkişaf edən dağ-xizək, sağlamlıq turizmi növləri haqqında danışıb.
Nazir Şahdağ Turizm Mərkəzinin imkanlarından söz açıb və təklif edib ki, bu istiqamətdə iki ölkəni əhatə edən turlar təşkil olunsun. Sağlamlıq turizminin ölkəmizdə geniş inkişaf perspektivlərinin olduğunu deyən Əbülfəs Qarayev Naftalan, Qalaaltı kimi sanatoriyaların müalicəvi əhəmiyyətindən bəhs edib.
Bildirilib ki, hazırda bu sahənin təkcə ölkə daxilində deyil, eləcə də dünya miqyasında tanıdılması istiqamətində işlər aparılır. Qalaaltı sanatoriyasının Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının üzvlüyünə qəbul olunduğu və 2018-ci ildə Assosiasiyanın illik toplantısının Qalaaltıda keçiriləcəyi barədə qonağa məlumat verilib.
Azərbaycanda ilk dəfə olaraq keçirilən Şopinq festivalı haqqında da danışan nazir qonşu Gürcüstanın turistlərini növbəti festivallara dəvət edib.
Görüşdə iki ölkə arasında turizm sahəsində birgə turizm məhsullarının hazırlanması, turizm şirkətlərinin əməkdaşlığının genişləndirilməsi istiqamətində işlərin aparılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsinə dair razılıq əldə olunub.
Gürcü nazir qəbula görə Əbülfəs Qarayevə təşəkkürünü bildirib və gələcək əməkdaşlığın uğurlu nəticələr verəcəyinə inamını ifadə edib.