İyunun 16-da Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində görkəmli xanəndə, Xalq artisti Yaqub Məmmədovun xatirə gecəsi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə filologiya elmləri doktoru Gülhüseyn Kazımlı sənətkarın ömür yolundan, musiqi mədəniyyətimizdə xidmətlərindən danışıb.
Bildirilib ki, Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov görkəmli xanəndə Seyid Şuşinskidən xanəndəlik sənətinin sirlərini öyrənib. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb edib. O, bütün muğam dəsgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən mənimsəyib. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib.
Sonra Xalq artisti Simarə İmanova, əməkdar artistlər Qəzənfər Abbasov, Nuriyyə Hüseynova, Teyyub Aslanov, Sevinc Sarıyeva, Firuz Səxavət, Əsgər Əhmədov, Elza Qaybalıyeva, xanəndələr Cabir Abdullayev, Hüseyn Məlikov və Ramiq Bayramovun ifaları dinlənilib.