ecazkar “Şəbi-hicran...” nəzmini füsunkar “Füzuli” kantatası nəğməsinə də çevirən böyük bəstəkarımız
“Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryanım”...
Əsrlərdi ki, bu əsrarəngiz əsərdəki sehranə misralar bu xalqın kütleyi-mütaliə səddini aşa bilmir, yalnız və yalnız bir-birini əvəz edən nəsillərin bir dəstə söz xiridarı - “arifi-əsrar”ları içərisində cilvələnirdi. Elə ki dahi Üzeyir bəy Bulağından doyunca içmiş bu bəstəkar həmin kəlamlara Məcnunluq etdi, “ahı ilə xalqı oyadan” o Aşiqlər Aşiqinin “qara bəxti”, heç olmaya, kütləvi anlanış sarıdan oyandı...
Bəli, otuz səkkiz yaşlı Cahangir Cahangirov bu möhtəşəm kantatası ilə öz dövrünün qatı mühafizəkarlarının “çoxsəslilik (xor) Azərbaycan musiqisinə yad elementdir” fikrini alt-üst etdi. Özü də, adı bizdən olmadığından, ötən əsrin ilk onilliyinə (bu xalqın milli taleyinə mədəniyyət möcüzəsitək doğulan “Leyli və Məcnun” operasına) qədər dədə-nənələrimizin xor baxdığı bir musiqi janrında - “xor”da. “Opera”, “balet”, “süita”, “kapriççio” kimi yadel-yaddil terminlərin leksikonumuza hələ tam oturuşmadığı dövrlərdə...
Bu nüanslar sözügedən kantatanın gah həzin-həsrəti, gah qalib-qələbəli takt-aktlarından da hiss olunur. Elə zaman-zaman mətbu müsahibələrindən, teleradio çıxışlarından bu da məlum olur ki, müəllifin özü də, bu əsər üzərində işlərkən daha çox burada vurğuladığım məqamlara üstünlük verib. Yəni o, bu əsərin işləndiyi əsrədək müxtəlif səbəblərdən (tutalım, tərəkəmə-tərkeləməliyindəki “atüstü” ellikliyi, oturaqlığındakı dini mərsiyə-mərasimliyi, “qırx gün-qırx gecə” reqlamentli nağıl-dastan birəntiliyi istisna edilməklə) Aşıq Cünun monokültürçülüyündən ayrılıb, ümummilli qavranışa gəlməkdə çətinlik çəkən xalqımız üçün çox gərəkli bir iş gördüyünün fərqində olub.
Bütün bu şəxsi-subyektiv mülahizələrdən sonra, öz ümumiliyi ilə könüllər oxşayan musiqi janrlarından -
“Xor”...
Və - milli təbiətimizin “təbii-seçmə” nəhənglərindən Mirzə Cəlil demişkən, bu heynidə, bu terminin ehtiva etdiyi milli toparlanma nüansına dair əcnəbi bir nümunə. Özü də, adətən belə məqamlarda daha çox müraciət etdiyimiz Avropa-Amerika uzaqlıqlarından yox, lap yaxınlıqdan. İstər ev-eşik yığnaqlarında, istər qərib-qürbət məclislərində süpürgəçisindən sərkərdəsinə, əkin-biçinçisindən yüksək çinli məmuruna, nazirinə qədər - buynuz-badəli əl-qollarını çarpazlayıb, dünyayi-brend çaxırlarından vura-vura, etno-sosial bərabərlik xoru oxuyan gürcüləri deyirəm...
Bu sayaq cəm-camlıq, birlik-birəntilik bəyanatı bizim cəmiyyətimizin məişət mədəniyyətinə geciksə də, böyük sənət mədəniyyətimizə yol tapdı; əsasını ötən əsrin əvvəllərində öz “Leyli və Məcnun” baniliyilə Üzeyir bəy Hacıbəyli qoydu, öz “Füzuli” kantatası şedevrilə Cahangir Cahangirov davam etdirdi.
Bu gənc “qoca”...
Sonralar yolu, üslubu, tərz-təranəsi neçə-neçə gənc bəstəkar tərəfindən davam etdirilən Cahangir Cahangirov “Füzuli” kantatasından on il öncə solist, xor və simfonik orkestr üçün yazdığı “Arazın o tayında” adlı vokal-simfonik poemasını bitirəndə hələ iyirmi səkkiz yaşı tamam deyildi. Amma bu əsər ondan xeyli yaşlı SSRİ-də, xüsusən paytaxt Moskvada “qocaman düşüncələr poeması” kimi qarşılanmış, “ucqar şedevr” obrazı ilə qiymətləndirilmişdi.
Çoxları gözləyirmiş ki, bu uğurundan sonra gənc Cahangir “nəfəsdərməz” bir templə yazıb-yaradacaq. Amma yox, Cahangir növbəti mükəmməl xor “nitq”lərinə qədər qor mahnılar, onlarca xor miniatürləri yazdı. Nəhayət, 1956-cı ildə daha bir ümumittifaq sədalı uğura - “Dostluq haqqında mahnı” kantatasına imza atdı. Üç il sonra isə İttifaq hüdudlarını aşıb, dünyanın böyük musiqi mədəniyyəti karvanına qoşulan “Füzuli” kantatası!
Başlanğıcda dediyim kimi, poeziya möcüzəsi Məhəmməd Füzulinin tamamilə bənzərsiz kəlamlarından ilhamlanaraq yazdığı bu triumfal əsərilə bəstəkar Cahangir Cahangirov sözün məcazi, müstəqim və belə demək mümkünsə, coğrafi anlamında ayaq izi, istedad nəfəsi dəyməmiş bir zirvəyə yüksəldi. Və... məncə, belə də demək mümkündür; o, bu notlarla təkrarsız musiqi şairliyi edərək, musiqi Füzuliliyinə yetdi! Birincinin (hər mənada!) qələmindən hansısa bir müqəyyəd yar ladına, məchul “zülmkar” adına qopmuş “Şəbi-hicran...” sədaları ikincinin notlarıyla bütün anadilli dinləyicilərin könül ünvanlarına, sevgi-məhəbbət xanimanlarına çatdırıldı. O xor “əhalisi”nin həzini-məhzun avazla etdiyi “Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?” xitabından sonra, bu müəllifin halal-haqqı olaraq deyə bilərik ki, əgər Füzuli poeziyada “rindü-şeydadır”sa, Cahangir - polifoniyada misli-bülbüldür!..
Korifey sənətkar bu əsərdən on dörd il sonra yazdığı “Nəsimi”, bir qədər sonrakı “Aşıq Alı” kantataları, 1962-ci ildə tamamladığı “Sabir”, 1984-də bitirdiyi “Hüseyn Cavid-59” oratoriyaları ilə həmin sənət nəhənglərimizi yeni və daha lətif bir vasitəylə - musiqi diliylə geniş oxucu-dinləyici auditoriyasına təqdim etmiş oldu. O, “Azad” (1957) və “Xanəndənin taleyi” (1978) operaları ilə - məqalələrinin birində “...bütöv bir xalqdır” deyə qiymətləndirdiyi Üzeyir bəy Hacıbəylinin sonsuz sənət yolunu davam etdirib, musiqi xəzinəmizi öz operaları ilə də zənginləşdirdi.
Deməliyik ki, bu müəllif “Xanəndənin taleyi”ndə musiqi dramaturqu kimi də canlanır. Yəni, repertuarı muğam və təsniflərdən ibarət olan xanəndə (burada məşhur muğam ifaçısı Seyid Mirbabayev) Cahangir Cahangirovun təfsirində həmin klassik-atribut materialdan birbaşa, belə demək mümkünsə, “sitat”vari istifadə etmir. Amma, təbii, buradakı ayrı-ayrı partiya və ariyaların - ümumilikdə bütün operanın məğz-mahiyyəti rəngarəng muğam boyaları ilə süslənmişdir. Necə ki, onun digər əsərləri də xalq hava-havacatları, el zümzümələri, oba səs-sədaları ilə zinəti-sirabdır. Xüsusən də -
Mahnıları!..
Bu nida tək elə yazı-pozu “ləvazimat”lığına görə yox, həm də onun mahnılarının ladına-dadına yönəlikdir. Məsələn, “Ana” mahnısını xəyala alın (və təbii, “əli üzündə” qalın)... İndi görün, onun özündən əlavə daha neçə-neçə kimsələr üstünə parlaq işıq saçdı bu mahnı?! Əlbəttə, ən əvvəl, şeir müəllifinin - şair İslam Səfərlinin. Sonra həmin vaxtlar o mahnını tarda əvəzsiz “solo”layan Hacı Məmmədovun. Ən təkrarsızı isə o mahnını bütün övladların əvəzindən avazlayan unudulmaz Rəşid Behbudovun! Bu cəh-cəhlər ustadının sonsuz “bəh-bəh”lərə layiq bir ustalığının - “Dilinin o həzin laylasına qurbanam” misrasındakı işarə əvəzliyinə (o... o... o...) əsrarəngiz bir tembrlə “züy” edib, könüllərimizə nə toy tutduğunun fərqindəsizmi, əziz radio dinləyiciləri, televiziya tamaşaçıları, kaset, disk həvəskarları?!.
Bu könüllər bəstəkarının “Alagöz”, “Ay qız”, “Dan ulduzu, bir də mən”, “Aylı gecə” və s. mahnılarının dillər əzbəri, könüllər bəzəyi olması haqda da geniş danışmağa ehtiyac yoxdursa, hörmətlə, -
Tahir Abbaslı