İrfan Gürdal: “Məqsədimiz türk dünyası mədəniyyətinə xidmət etməkdir”
Türk xalqlarında oxçuluğun və xüsusilə atlı oxçuluğun tarixi minilliklərlə ölçülür. Eramızdan əvvəl Altayda meydana gələn, sonralar Orta Asiyaya hakim olan "Atlı Bozqır mədəniyyəti”ndə atlara və oxçuluğa böyük əhəmiyyət verilirdi. Tarixdəki türk atlı oxçuları at dörd nalla çaparkən yəhər üstündə dönüb arxaya ox ataraq hədəfi dəqiq vurmaq ustalıqları ilə tanınmışlar. Həm idmanı, həm də mədəniyyəti özündə əks etdirən bu sənət Türkiyədə Osmanlı dönəmində daha çox inkişaf edib. Son zamanlar atlı oxçuluq Türkiyədə yenidən inkişaf etdirilməyə başlayıb.
Ankara Atlı Oxçuluq Gənclik və İdman Klubunun rəhbəri, musiqiçi, türk dünyası ilə qəlbən bağlı olan İrfan Gürdalla söhbətimiz bu barədədir.
- İrfan bəy, sizinlə daha öncə bəstəkar, çalğıçı və müğənni kimi həmsöhbət olmuşduq. İndi isə mövzu atlı oxçuluq sənətidir. Sizin rəhbərliyiniz altında Ankara Atlı Oxçuluq Gənclik və İdman Klubu fəaliyyət göstərir. Bəlkə öncə bu sənətin tarixi köklərinə nəzər salaq...
- Əslində, bu oyun Türkiyədə demək olar ki, unudulmağa başlamışdı və son illərdə yenidən canlandırılır. Ənənəvi oxçuluq türklərin tarix boyunca məşğul olduqları ən qədim oyun növü olub. Bu, hər şeydən öncə, bir savaş sənətidir. Xüsusilə də at üstündə oxçuluq idmanı türkləri əsrlərlə qələbədən qələbəyə aparıb. Xarici tarixçilər də yazır ki, türklər at üstündə çox mahir manevr etdikləri üçün savaşlarda qələbələr əldə ediblər. Daha sonra odlu silahların icad olunması ilə yanaşı yenə də dünyada oxçuluğu inkişaf etdirən osmanlılar olub. Bütün dünya odlu silahlardan sonra oxu kənara qoyub, amma osmanlılar bunu idman olaraq ötən əsrə qədər davam etdiriblər. Cümhuriyyət dövründə da bu davam edib. Türkiyədə 1950-ci illərə qədər ənənəvi oxçuluqla məşğul olan klublar mövcud olub. Amma sonralar bu sahə bir az zəifləyib. Son 10 ildə atlı oxçuluq Türkiyədə yenidən ortaya çıxmağa başlayıb. Türkiyədən savayı bu idman növü Qırğızıstanda var, Qazaxıstanda da buna başlayıblar. Azərbaycan, Türkmənistan və Özbəkistanda yoxdur. Rəhbərlik etdiyim kluba gəlincə, hələ atım yox ikən - təxminən 10 il əvvəl - mən "Atın türküsü" adlı musiqi albomu çıxardım. Bu albom musiqisində at gedişi ritmləri hiss edilən, sözləri də atdan bəhs edən türkülərdən ibarət idi. Bundan sonra at minməyə başladım. 40 yaşdan sonra at minən nə qədər uğurlu olur, deyə bilmərəm (gülür), amma hobbi kimi başlayan bu iş bu gün Ankara Atlı Oxçuluq Gənclik və İdman Klubuna rəhbər vəzifəsinə qədər gəlməyimə səbəb oldu.
- Atlı oxçuluğun fəlsəfəsi nədir, bəşəriyyətə nəyi aşılamaq, göstərmək istəyir?
- Bu oyunun çox dərin fəlsəfəsi var. Həm islam adətlərində, həm də türk ənənəsində ox atmaq deyil, ox buraxmaq var. Yəni oxu atdıqdan sonra onu Allaha buraxmaq. Bu isə o deməkdir ki, biz oxçu olaraq Allaha təslim oluruq. O istərsə, ox hədəfə gedər, istəməzsə - yox. Osmanlı dövründə oxçular təkkəsi olub və oxçular da orada yetişdirilib. Əgər o, əxlaqı, fəlsəfəsi və idmanı ilə yaxşı bir səviyyəyə gələrsə, o zaman ona yayla ox atmaq icazəsi verilir. Əks təqdirdə icazə verilməzdi. Yəni bu işin çox ətraflı mədəni tərəfləri var. Biz də elə bu mədəniyyət tərəfini canlandırmaq və yaşatmaq istəyirik.
- Yayla ox atmaqdan söz düşmüşkən. Bəs bu istifadə olunan yay və oxun, geyimlərin hazırlanma texnologiyası necə idi və hazırda bu işin öhdəsindən necə gəlirsiniz. Məsələn, bunun üçün xüsusi dizayneriniz varmı?
- Yayın hazırlanmasının özü çox mühüm bir adət-ənənə olub. Osmanlı yayları texnoloji baxımdan dünyada ən yüksək səviyyədə olub. Yəni bu, heyvan buynuzu, ağac kimi bir çox məmulatların birgə istifadəsi ilə hazırlanıb. Bu, dünyada yalnız Şərq xalqlarının tətbiq etdiyi bir yay növüdür. Qısa, amma çox güclü olub. Qısa olduğu üçün at üstündə istifadəsi uyğundur, önə, arxaya, sağa, sola dönərək ox atmaq mümkündür. Hazırda isə atçılıqla bağlı əşyaları emalatxanada hazırlayırıq. Evdə mənim də kiçik emalatxanam var. 15-20 nəfər yay ustası yetişdirmişik. Onların da emalatxanası var. Bu, insanların öz köklərinə necə bağlı olduğunu göstərir. Dediyim kimi, oxçuluq dərin bir fəlsəfəsi olan idmandır. Bu fəlsəfə əxlaqı, ədəbi öyrədir. Geyimlər, silahlar, bütün istifadə olunan aksessuarlar o dönəmə aiddir. Bəzi insanlar Osmanlı dövrünə önəm verir və geyimləri də ona görə müəyyən edirlər. Nəticədə rəngarəng bir görüntü də ortaya çıxmış olur. Xüsusi dizayner yoxdur. Amma qaynaqlarımız var və onlardan istifadə edir, tətbiq etməyə çalışırıq. Məsələn, bənzər parçaları tapıb tikdiririk. Əslində isə bu bahalı bir oyun növüdür: at bəsləməkdən tutmuş ox, yay, geyimlərə qədər. Lakin bizim məqsədimiz türk mədəniyyətinə xidmətdir. Çünki içimizdə bu mədəniyyətə böyük sevgi var. Əgər belə olmasaydı, bu qədər xərc çəkilməzdi.
- Gənc nəsil arasında atlı oxçuluğa maraq necədir? Şagirdləriniz varmı?
- Hazırda 15-20 gənc şagirdim var. Onlarla biz ənənəvi idmanı yenidən canlandırırıq. Əcdadımızın at üstündə döyüşdə göstərdiyi məharəti bu gün idman növü olaraq öyrədirik. Bu idman sürətli gedən atın üzərində 3 hədəfə ox atmaqdır. Burada sürət, at minmək məharəti, eyni zamanda yaxşı bir oxçuluq bacarığı tələb olunur. Bunları bir arada göstərən həm idman, həm mədəniyyətdir. Çünki tarixi qiyafət də geyinir, o dövrü canlandırırıq. Qeyd etdiyim kimi, bizim üçün bunun idmandan öncə mədəni irs tərəfi daha önəmlidir. Əvvəlcə 3-4 gənclə işə başlasaq da, bu gün 20 nəfər idmançımız var. Onların içində qızlar da var. Koreyada 12 ildir keçirilən və 70-dək ölkənin qatıldığı beynəlxalq atlı oxçuluq çempionatında qızıl medal alan ilk türk idmançı da bizim qurumun üzvü oldu. Əslində bəzi Qərb ölkələrində də buna bənzər oyun var. Amma atlı idmançılıq Şərq xalqlarına aiddir. Gənclərin belə sahələrə istiqamətlənməsi milli kimliyi gücləndirir. Bu həm də bizim türk xalqları ilə bağlarımızı artırır.
- Artıq neçə ildir ki, Ankarada ənənəvi oxçuluq şənliyi təşkil edirsiniz. Bu il də belə bir tədbir keçirdiniz. Bu tədbirin əvvəlkilərdən fərqi nə idi?
- Belə tədbirlər Türkiyənin başqa şəhərlərində də keçirilir. Adətən biz bu yarışı aprelin sonu - mayın ilk həftəsində keçiririk. Bu da təsadüfi deyil. Çünki 3 may Türkçülük günüdür. Çalışırıq ki, tədbiri də bu təqvimə yaxın bir vaxtda keçirək. Bu il şənliyi aprelin 30-da keçirdik. Ardınca mayın 2-də atçılıq sənəti ilə bağlı elmi konfrans, konsert və rəsm sərgisi təşkil etdik. Yəni bunlar əvvəlki yarışlarda olmayıb. Düşünürəm ki, atlı oxçuluq getdikcə yayılacaq. Biz bu şənliyi bütün türk dünyasında keçirmək istərdik. Qardaş xalqlarımızın atlı idman növləri çoxdur, onların da yayılması yaxşı olardı. Bu həm də bizim ümumi mədəni irsimizdir. Məsələn, gələcəkdə çövkəni öyrənmək və Azərbaycanla bir işbirliyi qurmaq istəyirik. Məqsədimiz bütün türk dünyası mədəniyyətinə xidmət etməkdir.
Mehparə Sultanova
Ankara