Dəmir yolu turizminin inkişafı istiqamətində ilk layihə həyata keçirilib
İyunun 16-18-də “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi və “RailTravel” şirkətinin təşkilatçılığı ilə Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı istiqamətində dəmir yolu turizminin inkişafına dəstək məqsədilə infotur təşkil olunub.
İlk dəfə həyata keçirilən layihədə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 1 ədəd SV, 1 ədəd KP və 2 ədəd xidməti vaqon ayrılıb. Qatar iyunun 17-də səhər saatlarında Gəncəyə çatdıqdan sonra Bakı-Ağstafa-Qazax sərnişin qatarına, daha sonra isə Qazax-Ağstafa-Bakı sərnişin qatarına qoşulub.
Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı istiqamətində təşkil edilən infotur zamanı Göygöl Milli parkı, “Gəncə qapıları”, Nizami Gəncəvi məqbərəsi, Şah Abbas məscidi (XVII əsr), Çökək hamam, Cavad xan türbəsi və Xan bağına ekskursiyalar təşkil olunub. Ekskursiya zamanı məlumat verilib ki, qatarla səyahət digər nəqliyyat vasitələrilə müqayisədə maraqlı, rahat, ucuz və komfortludur. Azərbaycanın əksər bölgələrinə dəmir yolu xəttinin olması imkan verir ki, bu sahədə də turizm inkişaf etdirilsin.
Qiymətlərə gəlincə, SV vaqon (18 nəfər üçün) 1100 manat, kupe vaqon (36 nəfər) 1200 manat, plaskart vaqon (54 nəfər) 1512 manat nəzərdə tutulub. Xidməti vaqonlar duş kabinəsi, konfrans zalı da daxil olmaqla hər cür şəraitlə təchiz edilib. Dəmir yolu ilə bu cür səyahətlərin təşkili üçün 12 gün əvvəldən sifariş verilməlidir.
Tələb əsasında müxtəlif bölgələrə, habelə Bakı-Batumi, Bakı-Tbilisi istiqamətində dəmir yolu vasitəsilə turlar təşkil edilə bilər.
Gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi bu turizmi daha da əlverişli edəcək.
Fariz