İyunun 14-dən 19-dək Gürcüstanın paytaxtı Tbilisidə Qafqaz caz festivalı keçirilib. Bu il səkkizinci dəfə təşkil olunan festivalda tanınmış caz ifaçısı, Əməkdar artist Salman Qəmbərov qonaq qismində iştirak edib. 
   Festivalda ölkəmizi həmçinin gənc cazmenlər Nicat Aslanov (piano), Afşin Əlizadə (keyboard), Elcan Cəbrayılov (bass) və Fərdi Ramazanşteyn (drums) təmsil edib. Qrup iyunun 17-də “Movement” teatrının səhnəsində cazsevərlər qarşısına çıxıb. Azərbaycanlı cazmenlərin çıxışı maraqla qarşılanıb. 
   2010-cu əsası qoyulan festival tamaşaçıları ənənəvi və müasir cazın formaları ilə tanış etmək, gənc cazmenləri tanıtmaqla yanaşı, ustad dərsləri üçün də meydandır. 
   Budəfəki festival günlərində Əməkdar artist S.Qəmbərov Tbilisi Konservatoriyasında ustad dərsləri keçib. Daha sonra festivalda çıxış edən sənətkar Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət edib. 
   
   Lalə