Oktyabrın 11-dən 14-dək Bakıda keçiriləcək IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalında (BBTFF) iştirak edəcək filmlərin qəbulu davam edir. Müraciət üçün son tarix 1 sentyabrdır. Festivalın münsiflər heyəti sentyabr ayında elan olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir. BBTFF Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalın proqramına əsas müsabiqə və müsabiqədənkənar nümayiş daxildir. BBTFF həmçinin seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və media təmsilçiləri arasında təcrübə mübadiləsini həyata keçirir.
Festival haqqında ətraflı məlumatı www.bitff.az saytından əldə etmək olar.