Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 aprel 2014-cü il tarixli sərəncamı ilə yaradılmış və ümumi, orta ixtisas, tam orta, ali və əlavə təhsil proqramlarını həyata keçirən çoxpilləli təhsil kompleksidir. Orta ixtisas təhsil proqramını akademiya nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci həyata keçirir.
Kollecin əsas məqsədi bədii təhsilin müasir standartlara uyğun təşkil olunmasına, orta ixtisas təhsil pilləsi səviyyəsində mükəmməl mütəxəssislərin hazırlanmasına nail olmaqdır. Kollec həm tədrisdə, həm də gənc nəslin tərbiyəsində öz fəaliyyətini dövrün tələblərinə, dövlətin müəyyən etdiyi çağdaş təhsil standartlarına uyğun qurmuşdur. Bunun üçün tədris prosesinə yüksəkixtisaslı müəllimlər, xalq artistləri və əməkdar artistlər cəlb olunmuşdur.
Kollecin tələbələri həm təhsil, həm sənət, həm də ictimai fəallıq baxımından mütərəqqi düşüncəli gənclərdir. Tələbələrimiz müxtəlif dövlət və beynəlxalq səviyyəli tədbirlərdə çıxış edir, xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Onların arasında beynəlxalq festivallar və müsabiqələr laureatları, qalibləri də vardır. Tələbələrimizin ən son uğurlarından biri Azərbaycan Milli İncəsənət Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş musiqili-bədii gecədə çıxışları oldu.
Bununla yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının bakalavr pilləsində olan ixtisaslar kollec qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrin əsas mahiyyəti ali təhsildə olan ixtisaslar üçün orta ixtisas təhsil pilləsində baza yaratmaqdan ibarətdir. Son iki il ərzində bu istiqamətdə məqsədyönlü şəkildə xeyli işlər və tədbirlər görülmüşdür.
Bu işlərdən ən mühümü 2017/2018-ci tədris ilindən etibarən kollecimizdə xoreoqrafiya sənəti ilə yanaşı instrumental ifaçılıq, xalq çalğı alətləri ifaçılığı, rəqs müəllimliyi, musiqi müəllimliyi və menecment kimi ixtisaslar üzrə kadr hazırlığına başlamaqdır.
Bakı Xoreoqrafiya Akademiyası unikal təhsil kompleksi olduğuna görə burada kadr hazırlığı ilk növbədə təhsil ocağının özü üçün vacibdir və müvafiq ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsi məqsədi güdür. Bu, peşəkarlıq nöqteyi-nəzərdən mühüm amil olaraq, varislik prinsipinə uyğun fasiləsiz təhsilin təmin olunmasına hesablanıb.
Digər nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycanda professional xoreoqrafiya təhsilinin tarixində ilk dəfə olaraq kollecin məzunları - klassik və xalq şöbələri ayrı-ayrılıqda möhtəşəm buraxılış-hesabat tamaşaları hazırlamışdır.
Xalq şöbəsinin tələbə məzunları 24 may tarixində Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində "Səmayi-şəms" rəqs-tamaşasını təqdim etdi. Tamaşa həm də Azərbaycanda “İslam həmrəyliyi ili”nə həsr olunmuş layihələrdən biridir. Tələbələrimiz səhnədə Azərbaycan, Türkiyə, İran, Albaniya, Misir, Qazaxıstan, Özbəkistan, Tacikistan, Dağıstan və digər müsəlman ölkələrinə məxsus milli rəqslərdən ibarət vahid ssenari üzrə rəqs-tamaşa nümayiş etdirdilər.
30 may tarixində isə kollecin Klassik şöbəsinin tələbə məzunları bu təhsil ocağının tarixində ilk dəfə olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletini nümayiş etdirmişlər.
Bunun ənənə şəkildə davam etməsi üçün təhsil və sənət sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir.
Cari tədris ilinin sonunda kollecin ilk buraxılışı oldu. Məzunların əksəriyyəti təhsillərini Bakı Xoreoqrafiya Akademiyasının bakalavr pilləsində davam etdirmək, bəziləri isə aldıqları orta ixtisas təhsili ilə müxtəlif mədəniyyət ocaqlarında və digər aidiyyəti müəssisələrdə əmək fəaliyyətinə başlamaq niyyətindədir.
Kollecin az bir müddət ərzində əldə etdiyi nailiyyətlər göz qarşısındadır və ümid edirik ki, ilbəil bu nailiyyətlər artacaq, fəaliyyətimiz həm məzmun, həm də miqyas etibarilə genişlənəcəkdir.
Aynur Hüseynova
Bakı Xoreoqrafiya Akademiyası nəzdində İncəsənət Kollecinin
direktoru, pedaqogika üzrə fəlsəfə doktoru