Şəkidə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək
   
   İyunun 27-dən iyulun 1-dək Şəkidə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Ənənəvi festival Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsidir.
   İyunun 22-də Azərbaycan Bəstəkarlar İttifaqında festivala həsr olunmuş mətbuat konfransı keçirildi.
   Festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirdi ki, “İpək Yolu” ölkəmizdə keçirilən musiqi festivalları içərisində rəngarəngliyi ilə seçilir. Artıq səkkizinci dəfə musiqisevərlərin görüşünə gələcək festivalın unikallığı ondan ibarətdir ki, konsertlər açıq havada, tarixi memarlıq abidələrinin qarşısında keçirilir. Festival musiqimizlə yanaşı zəngin tariximizi, mədəni irsimizi tanıtmaq baxımından da əhəmiyyətlidir. İnanırıq ki, bu dəfə də Azərbaycanın bu qədim bölgəsi festivala təşrif buyurmuş turistləri valeh edəcək. Füsunkar təbiət qoynunda dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət konsert proqramı əsl bayram ovqatı yaradacaq.
   Vurğulandı ki, 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar olaraq builki festivalın proqramında müsəlman ölkələrindən olan musiqiçilərə üstünlük verilib. Həmişə olduğu kimi, bu il də qardaş Türkiyədən, İrandan musiqi kollektivləri festivala qatılacaq. Festivalda İzmir Dövlət Türk Dünyası Rəqs və Musiqi Topluluğu və Təbriz Rəqs Qrupu, eləcə də Macarıstan, Gürcüstan, Yaponiya və Polşadan musiqi kollektivləri iştirak edəcək. 
   Festivalın proqramında Azərbaycan musiqi mədəniyyəti də geniş şəkildə təmsil olunur. Bu il 100 illik yubileyi qeyd olunan görkəmli bəstəkar, pedaqoq Cövdət Hacıyevin xatirəsi festival çərçivəsində yad ediləcək. Şəki Musiqi Kollecində bəstəkarın 100 illiyinə həsr olunmuş konsertdə xor və kamera əsərləri səslənəcək. 
   Konsertlər Marxal Yay teatrında, Şəki Xan sarayının qarşısında və Yuxarı Karvansarayda təşkil ediləcək. 
   Festival iyunun 27-də Marxal Yay teatrında Əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin müəllif gecəsi ilə açılacaq. Mərasimdə Xalq artisti Teymur Göyçayevin bədii rəhbər və dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Xalq artisti Ənvər Sadıqov və əməkdar artistlər Elnur Əhmədov, Aygün Bəylər, tanınmış estrada müğənniləri çıxış edəcək. 
   Bağlanış mərasimində isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblı zəngin musiqi folklorumuzun gözəl nümunələrini təqdim edəcək. Festivalda ilk dəfə Dövlət Sərhəd Xidmətinin Nümunəvi hərbi orkestrinin də çıxışı nəzərdə tutulub.
   Firəngiz Əlizadə onu da bildirdi ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın irəli sürdüyü “Qardaşlıq, dostluq və qarşılıqlı anlaşma” ideyası “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalında da öz təcəssümünü tapacaq: “İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək festival yenə də insanlarda silinməz xoş təəssüratlar yaradacaq. Azərbaycan həmişə çox gözəl çağırışlarla insanları mədəni dialoqa səsləyir. Bu festival da ölkəmizdə keçirilən müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlər sırasında öz layiqli yerini tutaraq bu il də parlaq mədəniyyət və xalqlararası dostluq bayramı kimi yaddaşlarda qalacaq”. 
      Mətbuat konfransında Xalq artisti Teymur Göyçayev, musiqişünas, professor Gülnaz Abdullazadə, bəstəkar Aygün Səmədzadə, Cövdət Hacıyevin oğlu, bəstəkar İsmayıl Hacıyev, hərbi orkestrin dirijoru Səməd Vəkilov, Macarıstanın Azərbaycandakı səfirinin müavini Laszlo Makk çıxış etdilər, festivalın proqramı haqqında ətraflı məlumat verildi.
   Sonda jurnalistlərin sualları cavablandırıldı. 
   
   Lalə Azəri