O artıq 20 ilə yaxındır ki, aramızda yoxdur. O özünü bütünlüklə sənətə həsr etdi, adını milli teatr və kino tariximizdə əbədiləşdirdi. Özünü onlarla tamaşalarda və filmlərdə yaşatdı.
   
   Söhbət Azərbaycanın Əməkdar artisti, görkəmli sənətkar Ətayə Əliyevadan gedir. Ətayə xanımın atası Ağaqulam İranın Marağa şəhərindən, anası Humay xanım isə Təbrizdən idi. Ətayə xanım Türkmənistanın paytaxtı Aşqabadda anadan olmuşdu. Beş yaşında ikən atası onu teatra aparır. Tamaşanın adı yadında qalmasa da, gördükləri çox xoşuna gəlmişdi. Bəlkə də buna görə məktəblərində dram dərnəyi açılanda o da dərnəyə üzv yazılır. 13 yaşında “Arşın mal alan” operettasında ona Asya rolu tapşırılır. 15 yaşında aktyor və rejissor R.Təhmasibin rəhbərlik etdiyi teatrda işləməyə başlayır. Ancaq onun fikri Bakıya gəlmək, burada teatr texnikumunda oxumaq idi.
   1934-cü ildə Bakıya gəlib teatr texnikumuna daxil oldu. Texnikumda təhsil almaqla yanaşı, teatrda da işləyirdi. Burada rejissor R.Təhmasib gənc aktrisaya “Özgə uşaq” tamaşasında Raya rolunu tapşırır. Bu, böyük səhnədə onun ilk rolu olur. O vaxt Ə.Əliyevanın 16 yaşı var idi. Rolun öhdəsindən bacarıqla gələn Ətayə xanım sonradan “Şeyx Sənan”da Zəhra, “Səyavuş”da Cariyə, “Od gəlini”ndə Gülgün, “Hamlet”də Ofelya, “1905-ci ildə” də Sona obrazlarını yaradır.
   Bundan sonra Ətayə xanım aktyor olan həyat yoldaşı Həsənağa Mirzəyevlə birgə İrəvan Dövlət Azərbaycan Teatrında fəaliyyətlərini davam etdirirlər. Teatrın öz binası yox idi. Tamaşalar Sundukyan adına teatrın binasında göstərilirdi.
   Ətayə xanımın xatirələrindən: “1937-ci ildə Mikoyan İrəvana gəldi və “İnturist”də onun şərəfinə ziyafət verildi. İsmayıl Dağıstanlı başda olmaqla bizi də dəvət etmişdilər. Məclisin ortasında Dağıstanlı söz aldı və dedi: “Mən bir müddətdən sonra Bakıya qayıdıram, amma bir məsələ mənə çox pis təsir edir. Niyə İrəvanda Azərbaycan teatrı podvalda yerləşir? Niyə onun binası yoxdur?”
   Dağıstanlı çox cəsarətli adam idi. Ertəsi gün bizi Sundukyan teatrının binasına köçürdülər. Sonra Sundukyan teatrının yeni binası tikildi. Ermənilər köçdü təzə binaya. Bizim yanımıza isə “Stanislavski” rus teatrı gəldi və biz bir müddət bu binada fəaliyyət göstərdik...”
   1938-ci ildə Ətayə xanım ailəsi ilə Bakıya köçsə də, iki ildən sonra onlar yenidən İrəvana qayıdası olurlar. 1948-1949-cu illər teatr mövsümündə artıq kamil aktrisa kimi tanınan Ətayə Əliyeva Gəncə Dram Teatrına dəvət edilir. Bu teatrda “Göz həkimi”ndə İradə, “Bahar suları”nda Səadət, “Nişanlı qız”da Bənövşə kimi maraqlı surətlər yaradır. Burada yeddi il çalışır. Ətayə xanım xatirələrində 43 illik səhnə həyatının ən məhsuldar illərini məhz Gəncə teatrında keçirdiyini qeyd edirdi.
   1956-cı ildə Ətayə xanım Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır, bir çox tamaşalarda müxtəlif xarakterli rolları müvəffəqiyyətlə oynayır. “Cavanşir”də Qaratel, “Pəri Cadu”da Pəri, “Hacı Qara”da Sona, “Ölülər”də Fatmanisə, “İliç buxtası”nda Validə, “Sən həmişə mənimləsən”də Nəzakət, “Yalan”da Rəfiqə, “Şeyx Sənan”da Xumar, “İkinci səs”də Məlahət və digər səhnə obrazları Ətayə xanımın uğurlu yaradıcılıq işlərindəndir.
   Aktrisa səhnə ustaları A.M.Şərifzadə, M.Əliyev, S.Hacıyeva, M.Mərdanov, S.Ruhulla, Ə.Zeynalov, İ.Dağıstanlı, İ.Osmanlı, M.Sənani, A.Gəraybəyli, A.Qurbanov, B.Şəkinskaya və digər sənətkarlarla uzun illər birgə çalışıb, Azərbaycan teatrının inkişafı naminə var qüvvəsini əsirgəməyib.
   Ətayə xanımın yaradıcılıq fəaliyyəti teatrla məhdudlaşmırdı. Radio və televiziya verilişlərində tez-tez çıxış edir, filmlərə də çəkilirdi. Rejissor Rza Təhmasibin 1959-cu ildə ekranlaşdırdığı “Onu bağışlamaq olarmı?” filmində Ətayə xanım iki rolda (leytenant Qarayeva və Sara xala) çıxış edir. Kinoya ilk dəfə çəkilməyinə baxmayaraq, Ətayə xanım bu rolları böyük həvəslə oynayır. Cani Tərlanın kimliyini üzə çıxarmaq, onun fikirlərini öyrənmək məqsədilə milis paltarını dəyişib, özünü gənc bəstəkar Sevdanın qohumu Sara xala kimi qələmə verən Qarayeva ona verilən tapşırığın öhdəsindən bacarıqla gəlir. Ətayə xanım iki surəti eyni peşəkarlıqla yaradıb, onun oyunu təbiiliyi və səmimiliyi ilə seçilir.
   Artıq kino aktrisası kimi tanınan Ətayə xanımı bir neçə aydan sonra yenidən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına dəvət edirlər. Bu dəfə “Bizim küçə” filmində Bəyim xala roluna. Rejissor Ə.Atakişiyevin lentə aldığı “Bizim küçə” bədii filmində (1961-ci il) müharibədə itkin düşmüş bir qızın (Sara) acı taleyindən, qürbətdə başına gələn macəralardan, uzun axtarışlardan sonra xoş bir təsadüf nəticəsində anasına qovuşmasından bəhs olunur. Aktrisa Bəyim xalanın iztirablarını, ürək ağrılarını o qədər təbii və inandırıcı şəkildə təsvir edir ki, ekranda həqiqətən dərdli, kədərli, qayğılı ananın olduğuna inanır, onun halına yanırsan. Ana sevinəndə sən də sevinirsən. Filmin sonunda Bəyim xalanı xoşbəxt görürük, axı o, arzusuna çatıb, qızına qovuşub.
   “Bizim küçə” filmi çəkilib qurtarsa da, Ətayə xanımın narahatlığı davam edirdi. Onu bir məsələ düşündürürdü: görəsən, tamaşaçılar onun oyunundan razı qalacaqlarmı? Bu narahatçılıq çox çəkmir. Tamaşaçılar, kino mütəxəssisləri, yazıçılar Ə.Əliyevanın oyunundan razı qaldıqlarını bildirirlər.
   Yazıçı M.Hüseyn “Kommunist” qəzetində yazdığı məqalədə Ə.Əliyevanın yaratdığı ana surəti haqqında belə yazmışdı: “Ətayə Əliyevanın ifasında ana surəti bütün filmin ən gözəl aktyor nailiyyətlərindən biri sayıla bilər”.
   Yazıçı Y.Əzimzadə filmə həsr etdiyi resenziyasında (“Ədəbiyyat və incəsənət”) kino əsərinin ümumi müvəffəqiyyətindən danışmaqla bərabər, Ətayə xanımın nailiyyətini də xüsusi qeyd edirdi. O, yazırdı: “Bəyim rolunda oynayan Ətayə Əliyevanın ana rolunda məharətlə çıxış etməsi göstərir ki, kino sahəsinə bacarıqlı bir artist gəlmişdir”.
   Filmin rejissoru Ə.Atakişiyevin aktrisa Ətayə Əliyeva haqqında dediyi fikirlər də maraqlıdır. O, “Kommunist” qəzetində dərc etdirdiyi məqalədə yazmışdır: “Əsas rollarda çəkilmiş aktyorların işindən çox razıyam... Azərbaycan Dövlət Akademik Dram teatrının artisti Ətayə Əliyeva ana rolunda böyük məharətlə çıxış edir”.
   Göründüyü kimi, istedadlı aktrisa Ətayə xanımın filmlərdə yaratdığı qadın rolları, onun ümumiyyətlə kinodakı fəaliyyəti dövrü mətbuatda milli kino sənətinin uğuru kimi dəyərləndirilib.
   Ətayə xanımın xatirələrindən: “İkinci dəfə “Bizim küçə”də çəkilmişəm, Bəyim xala rolunda. Balasını itirən, cəfakeş ana Bəyimi mən çox sevirdim. Filmin rejissoru Ə.Atakişiyev idi. Mənim bu rola çəkilməyimi ona Ədil İsgəndərov məsləhət görmüşdü. Allah ona rəhmət eləsin. Əlisəttar işimdən çox razı qalmışdı”.
   Bundan sonra Ə.Əliyeva “Telefonçu qız” lirik kinopovestində (1962) Simuzər, “Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmində (1967) ana, “Uşaqlığın son gecəsi” kinopovestində (1968) Mənsurə, Azərbaycan televiziyasının istehsal etdiyi “Körpə” (1962), “Yun şal” (1965), “General” (1970 ) televiziya filmlərində ana surətlərini yaradıb.
   “Telefonçu qız” filmində Ətayə xanımın rol almağının maraqlı tarixçəsi var. O dövrdə teatrda rejissor Əşrəf Quliyev dramaturq və rejissor Həsən Seyidbəylinin “Bağlı qapılar” əsərini tamaşaya hazırlayırdı. Ə.Əliyevaya həmin tamaşada sadə və namuslu, əməksevər, ləyaqətli gənc qız Zöhrə rolu tapşırılmışdı. Aktrisa bu obrazı müvəffəqiyyətlə yaratmışdı.
   Ətayə xanımın xatirələrindən: “Günlərin bir günü Həsən Seyidbəyli mənə dedi: “Oyunun çox xoşuma gəldi. Səni “Telefonçu qız” filminə çəkəcəyəm. Qoy bu da mənim sənə hədiyyəm olsun”. Sonralar “Uşaqlığın son gecəsi”, “Dağlarda döyüş” filmlərində də çəkildim. Mən özümü kino aktrisası saymıram, amma tamaşaçının yadında qalmışamsa, demək nəsə bacarmışam”.
   Görkəmli aktrisa Ətayə Əliyevanın tamaşalarda və filmlərdə yaratdığı qadın rolları, ələlxüsus geniş ürəkli, tədbirli, müdrik ana obrazları milli teatr və kino sənətinin uğurudur. O, ana rollarını sevə-sevə ifa edirdi. Bu fədakar, zəhmətkeş analar doğma vətənə, övladlarına qəlbən bağlı insanlardır. Elə Ətayə xanımın özü də qayğıkeş ana, sevimli həyat yoldaşı, mehriban nənə idi. Onun haqqında danışanda haqlı olaraq deyirdilər ki, Ətayə xanımın ailə və övlad qayğısı bir çoxları üçün nümunə idi.
   Mən bu böyük insan və istedadlı sənətkar haqqında söhbətimi Xalq artisti Fuad Poladovun sözləri ilə bitirmək istəyirəm: “Ətayə xanım o aktrisalardandır ki, onun haqqında təkcə sənətkar kimi danışmaq düzgün olmazdı. O, həm də çox mehriban bir insan idi. Qastrol səfərlərində olanda mən bu qadında özümə qarşı bir doğmalıq hiss edirdim. Yalnız bir həmkar kimi yox, bir ana kimi. Onun gözlərində elə bir məhəbbət, elə bir ünsiyyət, elə bir istilik var idi ki, bu, yaratdığı obrazlara da keçirdi. Belə bir xanım, belə bir gözəl insan nə vaxtsa Azərbaycan teatrına gələcəksə, o teatr özünü xoşbəxt saya bilər”.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi