Ramazan bayramı münasibətilə elan olunan qeyri-iş günlərində, eləcə də Bakının ev sahibliyi etdiyi Formula-1 Azərbaycan Qran-prisi zamanı Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzinə gələn turistlərin sayı xeyli artıb. Kompleksdə dincələn qonaqların əksəriyyətini əcnəbi turistlər təşkil edir.
Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş turist Annet Al-Hamadi AZƏRTAC-a müsahibəsində bildirib ki, burada ailəsi ilə birlikdə dincəlir: “İndi Dubayda hava çox istidir. Burada isə həm gözəl mənzərə, həm də təmiz hava var. Biz müxtəlif əyləncə növlərindən istifadə etmişik. Ətrafı gəzdikcə bura bizim daha çox xoşumuza gəlir. Xəzər dənizində olmuşuq, Qusar rayonunun bir neçə kəndinə getmişik. Lazadakı şəlalələr möhtəşəmdir. Bu, bizim Qusara üçüncü səfərimizdir. İki dəfə qışda xizək sürməyə gəlmişik. Qərara aldıq ki, Şahdağın yayını da görək. Buranı çox bəyəndik”.
Böyük Britaniya, Avstraliya və İraqdan turist qrupunun üzvü Məhəmməd bildirir ki, bu, onların Azərbaycana ilk səfəridir: “Qusara iki gün əvvəl gəlmişik. Qonaqpərvərliyinizi xüsusi qeyd etməliyəm. Rahat yollarınız var ki, bu da turizmin inkişafı üçün çox əlverişlidir. İki gün ərzində dağları, şəlalələri gördük. Biz çox ölkələr gəzmişik, amma buranın özünəməxsus xüsusiyyətləri var. Gördüklərimiz bizdə müsbət təəssüratlar yaratdı. Qiymətlər də çox münasibdir”.
Şahdağ Turizm Mərkəzində 2017-ci ilin yay mövsümü iyunun 15-dən açıq elan olunub. Mərkəz sayca beşinci yay mövsümündə yerli və xarici turistlərin istirahətinin daha mükəmməl təşkili məqsədilə çoxsaylı yay əyləncələri, müxtəlif şoular və maraqlı tədbirlər təqdim edir. Kanat yolları 6 yaşdan kiçik uşaqlar, 70 yaşdan böyük vətəndaşlar, veteranlar və fiziki məhdudiyyətli insanlar üçün pulsuzdur.
Daha bir yenilik isə bütün əyləncələrdən istifadə edən hər bir qonağın sığortalanması ilə bağlıdır. Daim bələdçilərin nəzarəti altında olan turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilirlər.
Qusar Turizm İnformasiya Mərkəzinin direktoru Edqar Balmətov bayram günlərində yalnız Şahdağ Turizm Mərkəzinə deyil, eləcə də rayondakı digər istirahət məkanlarına turist axınının olduğunu bildirib. Adi günlərlə müqayisədə qonaqların sayı 70 faizədək çoxalıb. Mərkəzə daha çox ərəb ölkələrindən, Rusiya və Türkiyədən turistlər müraciət ediblər.