İsmayıllı rayonu təbiəti, tarixi abidələri ilə çox zəngindir. Rayon ərazisindən Girdiman, Ax-Ox və Göyçay çayları axır. Tircan kəndində “Bədo” adlanan sahədə, Diyallı, Namazgah, İstisu kəndlərinin yaxınlığında müalicəvi əhəmiyyətli sular var. Qalacıq, Çayqovuşan, Brovdal, Müdrüsə kəndlərinin yaxınlığında füsunkar şəlalələr, Qaranohur və digər təbii göllər olduqca valehedicidir.
İsmayıllının ərazisində 223 tarix və mədəniyyət abidəsi mövcuddur. Bu abidələrdən biri - Lahıc Dövlət Tarix-Mədəniyyət qoruğu dünya, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətlidir. 70-dən çox tarix və mədəniyyət abidəsi isə yeni aşkar edilib.
Bütün bunlar həm yerli, həm də xarici turistlər üçün də maraqlı və cəlbedicidir. Dövlət qayğısı turizm üçün böyük potensialı olan bölgədə bu sahənin inkişafına güclü təkan verib. Burada ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və sair turizm növləri üçün də geniş imkanlar mövcuddur. İsmayıllı-Basqal-Lahıc istiqaməti üzrə “Qırxotaq əfsanələri” və “Fit qalası” turizm marşrutları yaradılıb.