İyulun 4-də Türkiyənin paytaxtı Ankarada İslam Ölkələri Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) təşkilatçılığı ilə “Müsəlmanlara uyğun turizmin inkişafı və təşviqi” mövzusunda təlim başlanıb.
Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 14 ölkənin turizm sahəsi üzrə nümayəndələri iştirak edir. Ölkəmiz tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin əməkdaşı Aysel Vəliyeva tərəfindən təmsil olunur.
Təlim islam turizmi sahəsində yeni standartlar və marketinq strategiyasının inkişafı ilə bağlı Malayziya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin təcrübəsi nəzərə alınaraq keçirilir. Müzakirələr zamanı İƏT ölkələrində islam turizmi (halal turizm) standartlarının inkişafı məqsədilə ümumi loqonun işlənib hazırlanması və tətbiqi təklif edilib. Təlim iyulun 7-də yekunlaşacaq.