Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, regionlara turist axınının gücləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni marşrutların yaradılması diqqət mərkəzində saxlanılır, bu istiqamətdə layihələr həyata keçirilir. 
   İyulun 2-də nazirliyin dəstəyi və "A la Carte Travel" turizm şirkətinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən 30-a yaxın turizm şirkətinin nümayəndələri üçün "Beş dövrün beş paytaxtı” adlı marşrut üzrə infotura start verildi.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov infotur haqqında məlumat verdi. Bildirdi ki, infotur tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində yaranmış dövlətlərin paytaxtı olmuş şəhərləri əhatə edir. Marşruta Bakı, Gəncə, Bərdə, Qəbələ və Şamaxı şəhərləri daxildir. Bu şəhərlər bir-birindən fərqli istiqamətlərdə yerləşdiyindən turizm şirkətləri "Beş dövrün beş paytaxtı" turizm marşrutuna daxil olan şəhərlərdən hər birinə və ya bir neçəsinə ayrı-ayrılıqda da tur təşkil edə bilərlər.
   Bakıdan yola çıxan infotur iştirakçıları bu istiqamətdə yerləşən bir neçə tarixi məkanla da tanış oldular. Hacıqabul rayonu ərazisində yerləşən Pir Hüseyn xanəgahı haqqında iştirakçılara geniş məlumat verildi.
   * * *
   Marşrut üzrə ilk ekskursiya "Gəncə - Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı" adlanan proqram üzrə təşkil edildi. Azərbaycan tarixində mühüm yer tutan Gəncə şəhəri tarixi-mədəni abidələrlə də zəngindir. Qonaqlar ilk olaraq Xalq Cümhuriyyəti hökumətinin iclaslarının keçirildiyi indiki Azərbaycan Dövlət Aqrar Universitetinin binasına baş çəkdilər. Daha sonra Xan bağı, Çökək hamam, Cümə məscidi, Cavad xanın türbəsi, şəhərin digər gəzməli-görməli yerləri ziyarət olundu. İnfotur nümayəndələrinə bu məkanlar haqqında geniş məlumat verildi.
   * * *
   İnfoturun ikinci günündə iştirakçılar Qafqaz Albaniyasının paytaxtları olmuş Bərdə və Qəbələ şəhərlərinə səfər etdilər.
   İlk olaraq "Qafqaz Albaniyasının ikinci paytaxtı - Bərdə" adlı proqram üzrə ekskursiya təşkil olundu. Bərdə Tarix-Diyarşünaslıq Muzeyində şəhərin tarixi və şəhər təsərrüfatının yaranması, əhalinin məşğuliyyəti, tarixən buraya yadellilərin basqınları haqqında geniş məlumat verildi. İştirakçılar daha sonra Bərdə türbəsi, İmamzadə ziyarətgahı və Bəhmən Mirzə türbəsində oldular. Burada həmin memarlıq abidələrinin yaranması və qorunub saxlanılması haqqında məlumat verildi. 
   * * *
   Sonra səfər iştirakçıları eramızdan əvvəldən bizim eranın IV əsrinədək Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələyə gəliblər. İlk olaraq burada qədim Qəbələ şəhərinin qalıqları (Çuxur Qəbələ kəndi ərazisində) üzərində yaradılan Qəbələ Dövlət tarix-bədii qoruğu ilə tanışlıq olub. Məlumat verilib ki, rayonun zəngin tarixi-mədəni irsi var. Qoruqdakı abidələr ziyarətçilər tərəfindən maraqla qarşılanır. İnfotur nümayəndələri buradakı Qəbələ Arxeoloji Mərkəzində saxlanılan eksponatlarla tanış olublar. 
   Bildirilib ki, son illər Azərbaycan alimlərinin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxıb. Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır. Qazıntılar zamanı əldə olunan yeni eksponatlar Arxeoloji mərkəzdə ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda bərpa olunur.
   Daha sonra rayonun Nic kəndində Cotari Alban kilsəsinə baş çəkilib. Bu tarixi tikili Nic qəsəbəsində ən əhəmiyyətli abidələrdən biridir. Alban-udi kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından hesab edilir. 
   İnfotur iştirakçıları daha sonra marşrut üzərində yerləşən İsmayıllı rayonunun turizm potensialı ilə tanış olublar. Şəhər Mədəniyyət mərkəzinin ərazisində təşkil olunan “Turist bazarı” ilə tanışlıq zamanı bildirilib ki, burada köşklər, konsert səhnəsi, turistlərin xatirə şəkli çəkdirməsi üçün lövhə, misgərlər, xalçaçılar, kəlağayı ustaları, rəssamlar, suvenir ustaları, kulinarlar öz məhsullarını, əl işlərini nümayiş etdirirlər. 
   * * *
   Qeyd edək ki, "Beş dövrün beş paytaxtı” adlı turizm marşrutu üzrə infoturun 3-cü günü Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxı və Bakı şəhərlərini əhatə edib.
   İnfotur iyulun 4-də Bakı şəhərinə ekskursiya ilə başa çatıb.
   
   Fariz Hüseynov