Rusiyanın "TurStat" agentliyi 2017-ci ilin yay fəsli üçün ən populyar MDB şəhərlərinin reytinq cədvəlini tərtib edib. Reytinqə Qazaxıstan və Azərbaycan paytaxtları başçılıq edir.
Əgər rusiyalı turistləri Astanaya bu il iyunun 10-dan sentyabrın 10-dək davam edəcək EXRO 2017 sərgisinin keçirilməsi cəlb edirsə, Bakıda onlara "gəl-gəl" deyən iyulun sonları üçün nəzərdə tutulmuş "JARA" beynəlxalq musiqi festivalıdır.
Portal rusiyalıların MDB-nin paytaxt şəhərlərinə neçə günlüyə gəldiyini və sutkada nə qədər pul xərclədiyini də açıqlayıb. Məsələn, turistlər yayda Minskə təxminən 2,5 günlüyə gəlir və sutkada 60 dollar xərcləyirlərsə, Bakıda 5 gün qalmağa üstünlük verir və sutkada 75 dollar xərcləri çıxır. Daşkəndə 2,5 günlüyə gələnlər sutkada 45, Bişkekə 1 günlüyə gələnlər isə müvafiq olaraq 32 dollardan keçməli olurlar.
MDB ölkələrindən olan turistlər üçün ən ucuz paytaxt şəhərləri Aşqabad və Bişkek, ən bahalı şəhərlər isə Astana və Bakıdır.
G.Mirməmməd