İyulun 1-də Bakıda Musiqi bayramı keçirildi. Fransanın Azərbaycandakı səfirliyi, Fransız İnstitutu, YARAT Müasir İncəsənət Mərkəzi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu və Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosunun birgə təşkilatçılığı ilə baş tutan musiqi bayramını hər kəs hiss etsin deyə konsert verilən məkanların qapıları hamının üzünə açıq idi.
   Tədbir çərçivəsində ilk konsertdən əvvəl YARAT mərkəzində mətbuat konfransı keçirildi. 
   Fransa səfirliyinin birinci müşaviri xanım Fabyen Dru-Lozinski bu tədbirin ilk dəfə 1982-ci ildə Fransada keçirildiyini xatırlatdı. Bildirdi ki, bayram artıq dünyanın 120-dən çox ölkəsində qeyd edilir. 
   Səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Yohan Şiterer isə Bakıda keçirilən bayram konsertlərində çıxış edəcək musiqiçilər barədə məlumat verdi. Onun dediyinə görə, istər peşəkar, istərsə də həvəskar musiqiçilər ən müxtəlif janrları təmsil edirlər. Bu konsertlər musiqi cərəyanlarının müxtəlifliyini nümayiş etdirmək, musiqiçilərə öz sevdikləri janrda çıxış etmək imkanı yaratmaqla yanaşı, həm də auditoriyanın zövqünü oxşayır. 
   Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə qeyd etdi ki, belə tədbirlər ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına töhfə verir. 
   Musiqi bayramının birinci konsertində gənc musiqiçilər - Vəfa Qədirova (vokal), Taleh Qəhrəmanov (gitara) və "Les Gamins" qrupu öz məharətini göstərdi. Tamaşaçılar da tanış melodiyaları bək-vokal oxuyur, qan coşduran musiqi kompozisiyalarının sədaları altında rəqs edir, hər çıxışı alqışlamağı da unutmurdular.
   Sonrakı konsertlər "Paris Bistro" kafesində, İçərişəhərdə "YAY" qalereyasının qarşısında və "Hard Rock Cafe"də keçirildi. Həmin konsertlərdə Əli İbrahimzadə, Milan Məmmədov, Albina, Məhəmməd Lətifli, İlhamə Babayeva, Orxan Kərimli, Hüseyn Əli, Mişel Hop, Zakir Qasımov və başqaları çıxış etdilər. 
   
   Gülcahan