İyunun 1-də Teatr Xadimləri İttifaqının tamaşa zalında “Onun ürəyi” yeni bədii-musiqili filmin təqdimatı keçirildi. Beynəlxalq uşaqları müdafiə günü münasibətilə keçirilən təqdimatda balaca tamaşaçılar üçün konsert proqramı da təşkil olunmuşdu. “Onun ürəyi” filmində çəkilənlərin ifasındakı musiqi nömrələri uşaqların bayramına rəng qatdı.
Konsert proqramından sonra “Onun ürəyi” bədii musiqili nağıl-filmin yaradıcı qrupu səhnəyə çıxdı. Rejissor Samir Kərimoğlu yaradıcı qrupu təqdim etdikdən sonra filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirdi. Qeyd olundu ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyası və “AGP” prodakşn tərəfindən çəkilib.
Əslində filmin təqdimatı qış aylarında olmalı idi. Sadəcə filmdə kompyuter qrafikasından geniş istifadə olunduğundan bir sıra texniki problemlərlə üzləşdik”.
Filmin bəstəkarı Vüqar Camalzadə Azərbaycanda ilk dəfə olaraq müzikl janrında film çəkildiyini dedi: “İlk dəfədir bu janrda film çəkilir və onun tamaşaçı tərəfindən, xüsusən nağıl janrında olduğu üçün uşaqlar tərəfindən necə qəbul olunması bizim üçün də önəmlidir. Təbii ki, ilk dəfə bu janra müraciət olunduğu üçün müəyyən çətinlikləri də var idi. Ümid edirəm ki, bundan sonra daha irihəcmli layihələr həyata keçiriləcək”.
Ssenari müəllifi və rejissoru Samir Kərimoğlu olan “Onun ürəyi” filmi nağıl-müzikl janrındadır. 25 dəqiqəlik film xeyirlə şərin mübarizəsindən bəhs edir. Kompyuter qrafikasından geniş istifadə olunan nağıl filmində baş rolları Murad Abdullayev, Aysel İbrahimova və Aygün Rəhimova ifa ediblər. Filmin çəkilişləri Bakıda və İsmayıllıda aparılıb.
Reyhan