Azərbaycan Turizm və Menecment Universitetində “Məzun günü” keçirildi
   
   Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 2016/2017 tədris ilini sayca 8-ci məzun buraxılışı ilə başa vurur.   
   İyulun 5-də Azərbaycan Turizm və Menecment Universitetində “Məzun-2017” mərasimi keçirildi. Mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva, Nazim Səmədov, nazirliyin məsul əməkdaşları, ali məktəbin rəhbərliyi, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hotel və turizm müəssisələri rəhbərlərinin qatıldığı mərasim dövlət himninin oxunması ilə başladı.
   Tədbirdə çıxış edən ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov məzunları təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı: “Bu gün məzunlarımız üçün əlamətdar gündür. Onlar dördillik zəhmətlərinin, dərs çalışdıqları yuxusuz gecələrin sonuna gəlib çatıblar, tələbəlik illərini başa vururlar. Bu gənclər ali təhsilli mütəxəssislər kimi cəmiyyətə, sərbəst həyata qədəm qoyurlar”.
   Eldar Aslanov tədris ocağının fəaliyyətindən ətraflı bəhs etdi. Bildirdi ki, ötən 11 il ərzində ATMU ölkənin turizm əmək bazarı üçün peşəkar kadr hazırlığında mühüm nailiyyətlər əldə edib. Ölkəmizdə ilk dəfə ikili diplom proqramının həyata keçirilməsi, Erasmus-Mundus, Tempus layihələrində iştirak, ölkədə ilk praktika semestrinin təşkili, peşə təhsilinin gücləndirilməsi kimi məsələlər bu fəaliyyətin mühüm istiqamətləridir. Universitetin tələbələri Türkiyə, İsrail, İspaniya, Rusiya və digər ölkələrin turizm müəssisələrində təcrübə keçirlər. 
   Qeyd olundu ki, turizm və digər xidmət sahələri ölkəmizin gələcək inkişafında mühüm sahə kimi nəzərdə tutulur: “Belə bir inkişaf üçün ilk növbədə peşəkar kadrların olması şərtdir. Ötən müddətdə ATMU keyfiyyətli, turizm əmək bazarının ehtiyaclarına uyğun təhsil təşkil etməklə məşğul olub. Universitet 11 ixtisas üzrə bakalavr, magistratura, doktorantura üzrə, həmçinin peşə və qısamüddətli kurslarda kadr hazırlığını həyata keçirir. Bu il ATMU-dan 333 nəfər məzun olub. Onlardan 36-sı magistratura, 297-si bakalavr pilləsini bitirib. Beləliklə, səkkiz ildə ATMU-dan məzun olanların sayı 2 min 111 nəfərə çatıb. Onlardan 143-ü magistr dərəcəsi olanlardır. Builki məzunlardan 15-i eyni zamanda Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomunu alıb”.
   Vurğulandı ki, universitet yarandığı gündən indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurub. Fəaliyyətində təhsil, tədris, təlim və təcrübə modelinə xüsusi önəm verən ATMU sənaye ilə birbaşa əməkdaşlığı prioritet elan edib. Tələbələrin ölkə daxilində və xaricdə 22 həftəlik istehsalat təcrübəsi təşkil edilir. 
   Eldar Aslanov onu da diqqətə çatdırdı ki, ATMU-nun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbini bu il müxtəlif ixtisaslar üzrə 471 nəfər bitirir. 
   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, ölkəmizin turizm sənayesi Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində özünün inkişaf dövrünü yaşayır. Bu inkişafa öz töhfəsini vermək, turizm obyektlərini savadlı, bacarıqlı kadrlarla təmin etməkdə ATMU-nun üzərinə böyük məsuliyyət düşür.
   Məzunlara səslənən nazir müavini onlara qədəm qoyduqları yeni həyatda, gələcək fəaliyyətlərində uğurlar arzuladı: “Azərbaycanın artıq dünya miqyaslı tədbirlərin keçirilməsi sahəsində ənənələri mövcuddur. ATMU tələbələri də ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə könüllülər qismində çıxış edirlər. Ali məktəbin tələbələri Avropa Oyunlarında, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, IV İslam Həmrəylik Oyunları və Formula 1 üzrə Azərbaycan Qran-prisində könüllü kimi töhfələrini veriblər. Siz artıq qonaqpərvərliyin nə olduğunu yaxşı bilirsiniz. Mən tam əminəm ki, turizm sənayesinin nümayəndələri sizi ruh yüksəkliyi ilə qarşılayacaq”.
   Nazir müavini çıxışının sonunda ATMU ilə sıx əməkdaşlıq edən Avstriyanın Krems Universitetinin Menecment mərkəzinin müəllimlərinə, beynəlxalq proqramlar çərçivəsində tədris prosesinə dəstək verən nümayəndələrə, professor-müəllim heyətinə, eləcə də Bakı Turizm Peşə Məktəbinin müəllimlərinə təşəkkür etdi. 
   ATMU-nun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin direktoru Neylufər Kərimova, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin proqram direktoru Jens Peter və digər çıxış edənlər təhsil ocağının fəaliyyətindən danışdılar. Qeyd olundu ki, ATMU ixtisaslı kadrlar yetişdirməklə ölkəmizdə turizmin inkişafına töhfə verir. Hazırda ATMU dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir, beynəlxalq təhsil proqramlarından bəhrələnir.
   Çıxış edən bir neçə məzun universitetin rəhbərliyinə və müəllimlərinə minnətdarlığını bildirdi.
   Sonda Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə ATMU-nun birgə icra etdiyi beynəlxalq proqramın məzunlarına, universitetin müxtəlif fakültələrini “əla” qiymətlərlə bitirən gənclərə diplomlar, təhsil ocağının təhsildə və ictimai işlərdə fərqlənən tələbələrinə plaketlər təqdim edildi.
   
   Fariz Hüseynov