Xəbər verdiyimiz kimi, iyulun 2-dən 4-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “A la Carte Travel” turizm şirkətinin təşkilatçılığı ilə “Beş dövrün beş paytaxtı” adlı turizm marşrutu üzrə infotur keçirildi. Tura Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın turizm şirkətinin təmsilçiləri qatılıb.
Turizm marşrutu tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində yaranmış dövlətlərin paytaxtı olmuş Bakı, Gəncə, Bərdə, Qəbələ və Şamaxı şəhərlərini əhatə edir.
İnfotur çərçivəsində iyulun 2 və 3-də Gəncə, Bərdə və Qəbələ şəhərlərinin tarixi məkanları, mədəni həyatı və müasir turizm infrastrukturu ilə tanışlıq həyata keçirildi.
Turun sonuncu günü iştirakçılar Şamaxı şəhərində oldular. Tarix-diyarşünaslıq muzeyi ilə tanışlıq zamanı buradakı ekspozisiya barədə ətraflı məlumat verildi. Bildirildi ki, ikimərtəbəli muzey binasının ümumi sahəsi 1097 kvadratmetr, ekspozisiya zalının sahəsi isə 325 kvadratmetrdir. 6 bölmədə (“Şamaxı qədim dövrdə”, “Şamaxı Şirvanşahlar dövlətinin mərkəzi”, “Şirvan çar Rusiyası dövründə”, “Şirvan Xalq Cümhuriyyəti dövründə”, “Şamaxı sovet dövründə”, “Şamaxı müstəqillik dövründə”) şəhərin qədim və müasir tarixinə aid mindən çox eksponat nümayiş etdirilir. Ümumilikdə muzeydə 8392 əsas, 600 yardımçı eksponat var. Burada Şamaxı şəhərinin XVIII əsrdə alman səyyahları tərəfindən çəkilən şəkillər əsasında hazırlanmış maketi, rayonun fauna və florasını əks etdirən təbiət guşəsi yaradılıb.
O da diqqətə çatdırıldı ki, Tarix-diyarşünaslıq muzeyi 1945-ci ildə Ölkəşünaslıq muzeyi adı ilə təşkil edilib. Sonralar muzeyə eksponatların cəlb edilməsində bütün Şamaxı ziyalıları yaxından iştirak edib. Muzeyin foyesində Şamaxının kəndləri və onun tanınmış insanları haqqında məlumat guşəsi yaradılıb. Orta əsr Şamaxı şəhərinin avropalı səyyah-rəssamları tərəfindən çəkilmiş rəsmlərinin reproduksiyası ekspozisiyanın ən maraqlı nümunələrindəndir.
İnfotur iştirakçıları daha sonra Şamaxı şəhərinin turizm potensialı ilə tanış oldular.
“Beş dövrün beş paytaxtı” adlı turizm marşrutu üzrə infotur Bakı şəhərində yekunlaşdı.
Qeyd edək ki, “Beş dövrün beş paytaxtı” adlı turizm marşrutuna daxil olan şəhərlər bir-birindən fərqli istiqamətlərdə yerləşdiyindən turizm şirkətləri bu ünvanların hər birinə və ya bir neçəsinə ayrı-ayrılıqda da tur təşkil edə bilərlər.
Fariz Hüseynov