Qız qalası və Şirvanşahlar sarayı beynəlxalq səyahət saytının mükafatına layiq görülüb
İçərişəhər ərazisində yerləşən dünya əhəmiyyətli abidələr - Qız qalası və Şirvanşahlar sarayı kompleksi bu il də “Tripadvisor”un “Certificate of Excellence 2017” (“Mükəmməllik Sertifikatı 2017”) mükafatına layiq görülüb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, on milyonlarla istifadəçi auditoriyası olan “Tripadvisor” turistik internet şəbəkəsinin istifadəçiləri tərəfindən artıq üçüncü ildir ki, İçərişəhər Bakıda ziyarət olunması ən çox tövsiyə edilən məkan kimi qeyd edilir.
2002-ci ildən təqdim olunmağa başlanan və hər il portalın müxtəlif ölkələrdən olan milyonlarla istifadəçisinin rəyi əsasında verilən “Certificate of Excellence” mükafatı “Tripadvisor”un təqdim etdiyi ali mükafatdır. Milyonlarla insanın müxtəlif şəhərlər, gəzməli yerlər, tarixi məkanlar, keyfiyyət, xidmət və digər sahələrdə məmnuniyyəti əsasında “Tripadvisor” ildə bir dəfə “yaxşıların yaxşısını” seçir və dünyaya təqdim edir.
İçərişəhərin növbəti dəfə bu mükafata layiq görülməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin yüksək qiymətləndirilməsinin göstəricisidir.