Rusiya Sağlamlıq Turizmi Assosiasiyasının sədri Yelena Trubnikova və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHİSTA) rəhbəri Ruslan Quliyev əməkdaşlıqla bağlı müqavilə imzalayıblar.
Sənəd iki ölkənin müvafiq təşkilatlarının sağlıq turizmi sahəsində birgə fəaliyyətini, qarşılıqlı təbliğatı, təcrübə mübadiləsini, turist göndərişlərinin sayının artırılmasını və s. ehtiva edir.
Yelena Trubnikova bildirib ki, assosiasiyaların əməkdaşlığı Rusiya sanatoriya-kurort müəssisələrinin nümayəndələrinə azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparmağa imkan yaradacaq, eyni zamanda xarici ölkələrdən Azərbaycan və Rusiyanın kurort mərkəzlərinə çoxsaylı turist axınına səbəb olacaq.
AHİSTA rəhbəri Ruslan Quliyev öz növbəsində müqavilənin imzalanmasını yüksək dəyərləndirərək diqqətə çatdırıb ki, hazırda sağlıq turizmi ümumilikdə turizm sənayesinin əhəmiyyətli bir hissəsini təşkil edir: "Azərbaycan da çoxsaylı müalicəvi mərkəzləri ilə tanınır. Bizim assosiasiyanın qarşıya qoyduğu məqsədlərdən biri bu müalicə məkanlarını tanıtdırmaq və oraya turistlərin cəlb olunmasını daha da artırmaqdır. Həmçinin Azərbaycanın sağlamlıq turizmi brendini yaratmaq və onu bütün dünyada tanıtmaq hədəfimizdir. Bu baxımdan bizim planlarımız rusiyalı həmkarlarımızın fikirləri ilə tamamilə üst-üstə düşür. Bizim bir-birimizdən öyrənməli olduğumuz çox şeylər var".