Ölkəmiz Belarusda beynəlxalq konfransda təmsil olunub
   
   6-7 iyul tarixində Belarusun paytaxtı Minskdə bu ölkənin İdman və Turizm Nazirliyinin təşkilatçılığı və BMT-nin Dünya Turizm Təşkilatının (DTT) dəstəyi ilə "Məkan brendi: Turistlərin cəlb olunması üçün innovativ ideyalar" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda DTT-nin baş katibi Taleb Rifai, eləcə də Belarus, Yaponiya, Ukrayna, Sloveniya, Gürcüstan, Rusiya, Litva və digər ölkələrin turizm administrasiyalarının nümayəndələri qatılıb. Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini Rauf Paşayev təmsil edib. 
   Konfransda turizm brendinqində kütləvi informasiya vasitələrinin rolu, turizm istiqamətlərinin brendinqi üzrə keyslər, idmanda və turizmdə birgə brendinq kimi mövzular üzrə təqdimatlar olub.
   R.Paşayev öz təqdimatında Azərbaycanda son illərdə keçirilmiş irimiqyaslı tədbirlər (“Eurovision” mahnı müsabiqəsi, Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları) və onların turizmə təsiri barədə məlumat verib və təqdimatdan sonra keçirilmiş diskussiya zamanı iştirakçıların suallarını cavablandırıb.
   Qeyd edək ki, 2019-cu ildə Belarusda 2-ci Avropa Oyunlarının keçirilməsi planlaşdırılır. Bununla əlaqədar Belarus tərəfi irimiqyaslı tədbirlərin təşkili sahəsində təcrübə mübadiləsinə maraq göstərir.