İyulun 6-dan “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı hazırlanmış dəyişikliklərin tətbiqinə başlanılıb.
Ölkə başçısının “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərmanına müvafiq olaraq tətbiq edilən yeniliklər bir neçə istiqamətdədir.
Qeyd olunan tarixdən etibarən elektron vizaların etibarlılıq müddəti ölkədə qalma müddəti 30 gün olmaqla 90 gün təşkil edir. Sərhədkeçmə sənədi ilə elektron vizada qeyd edilən məlumatlar arasında uyğunsuzluqlar aşkarlandıqda, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs məlumatlarda müvafiq düzəlişlər edərək vizanın təkrar alınması üçün evisa.gov.az internet səhifəsi vasitəsilə müraciət edə bilər.
Görülən tədbirlər çərçivəsində “ASAN Viza” sisteminin internet səhifəsi də təkmilləşdirilib. Azərbaycana gələn turist axınlarını nəzərə alaraq, “ASAN Viza” sisteminin internet səhifəsinin ərəb və fars dillərində olan versiyaları istifadəyə verilib.
Bundan başqa, elektron viza alınması üçün ərizə məlumatları daxil edilməmişdən öncə tez-tez edilən səhvlərə dair təlimat və səyahət sənədinin nümunəsi istifadəçi ekranına pop-ap formasında çıxır. Müraciət edənin məlumatları internet səhifəsinə daxil edildikdən sonra “Təsdiq et” pəncərəsində həmin məlumatlarla yanaşı, ərizəyə əlavə edilmiş səyahət sənədinin surəti də istifadəçi ekranında göstərilir, yəni, yeni elektron viza blankı tətbiq olunur.
Fərmana uyğun olaraq, yaxın zamanlarda qeyd olunan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət etdikdə belə müraciətlərə 3 saat ərzində baxılması təmin ediləcək. Hazırda “ASAN Viza” sistemi ilə elektron vizanı 3 iş günü ərzində əldə etmək mümkündür.
Qeyd edək ki, “ASAN Viza” sistemi 10 yanvar 2017-ci il tarixindən istifadəyə verilib. Elektron vizalar siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 93 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.