“Əgər sənət insanın kamilləşməsinə xidmət edirsə, saflaşdırırsa, uca məqama yetişməsinə xidmət edirsə, demək halaldır”
   
   Tarix boyu ölkəmiz müxtəlif dinlərin yayıldığı məkan olub. Dövrümüzə qədər gəlib çatan dini-tarixi abidələr də bunu sübut edir. Bu gün də dünyada tolerantlıq örnəklərindən hesab olunan Azərbaycanda fərqli dinlərə mənsub insanlar mehriban şəraitdə yaşayıb fəaliyyət göstərirlər. Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə “Multikulturalizm ili” elan edilmişdi. Bu il isə Azərbaycanda “İslam həmrəyliyi ili”dir. Həmrəylik həm də mədəni birlikdir. 
   Uzun əsrlərdən bəri islam dini və rəssamlıq, islam və musiqi məsələlərinə münasibətdə fərqli fikirlər irəli sürülüb. Qeyd etmək yerinə düşər ki, ümumiyyətlə, dində musiqiyə münasibətin birmənalı olmaması təkcə islamla bağlı deyil. Bu problemə xristianlıq və musiqi kontekstində də rast gəlirik. 
   Musiqinin halal və haram, məkruh və ya mübah (bəyənilməyən və bəyənilən) olması ilə bağlı Quranda xüsusi bir qeydə rast gəlinmir. Müqəddəs kitabda musiqi ilə əlaqəli sətiraltı məna daşıyan ayələr mövcuddur. Musiqi və din haqqında fikirlərin müxtəlifliyinə baxmayaraq, danılmaz bir fakt var ki, islam dininin əsas kitabı avazla oxunur. Bu hal bütün müsəlman dünyasında qəbul olunur. İslam humanizm dinidir və o, insanların həyatı ilə bağlı hər şeyi ayrı-ayrılıqda deyil, kompleks şəkildə tənzimləyir. 
   Ümumiyyətlə, Quranda musiqiyə münasibət necədir? Professor Əfsanə Babayevanın “Azərbaycanda islam və musiqi” kitabında oxuyuruq: “Müsəlman dünyagörüşü özünün ilkin mərhələsində öz estetik baxışlarını yerli lokal mədəniyyətə qarşı qoydusa da, sonradan bu vahid mədəniyyətdə müxtəlif etnik regional mədəniyyətlərin qədim layları getdikcə özünü qabarıq şəkildə göstərməyə başladı”. 
   Mənbələrdə islamın musiqiyə qadağa qoyması iki tarixi dövrə ayrılır. İlkin qadağalar VII-VIII əsrə təsadüf edir ki, bu dövrdə islam yalnız kitabı olan dinləri qəbul edirdi. İkinci dövr isə VIII-XI əsrləri əhatə edir ki, bu zaman islam dininin əsas 4 hüquqi məktəbinin - Hənbəli, Maliki, Şafii və Hənəfi məzhəblərinin yarandığı dövrdür. Bu zaman musiqinin qadağası islam dini ibadətlərinin təmizliyinin qorunub saxlanılmasına xidmət edirdi. 
   İslam və musiqi problemi ikili xarakter daşıyır: ortodoksal islam və onun əsasında yaranan mistik cərəyan - sufilik. Quran və hədislər dinin əsas mənbəyi sayıldığı üçün musiqinin məkruh və ya mübah olması məsələsində alimlər hər zaman bu iki mənbəyə əsaslanırlar. Musiqişünas Lətifəxanım Əliyeva bununla bağlı Quranın “Əz-Zümər” surəsinin 18-ci ayəsindən nümunə gətirir: “O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır”. Burada əvvəlki ayələrin davamı olaraq “söz” məfhumu qeyd olunur. Ayənin ərəb dilində olan variantında “əl qavl” (söz) kəlməsi külli və ümumi məna ifadə edir. Bu ayə musiqinin haram olmadığına dəlil kimi gətirilə bilər. Çünki musiqi sözlərin ən gözəlidir (əsnəhül qavl). Gözəl sözlər mədh edildiyinə və onlara tabe olmaq əmr edildiyinə görə musiqini dinləmək də məqbuldur. Demək, musiqili sözlərin digər səslərdən fərqi gözəl və ölçülü olmasıdır. Söz və səsi dinləmək günah olmadığı kimi, bunların ən gözəlini dinləmək də niyə haram olsun ki?”. 
   Görkəmli ilahiyyatçı alim, Quranın Azərbaycan dilinə tərcüməçilərindən akademik Vasim Məmmədəliyevin bu mövzu ilə bağlı maraqlı fikirləri var. Alim qeyd edir ki, islamın bütün musiqilərə münasibəti eyni deyil. Şit, bayağı musiqi dinimizdə məqbul sayılmır. İslamın yarandığı ilk vaxtlarda insanları bütpərəstlikdən çəkindirmək üçün heykəltəraşlığa, insan rəsmlərinin çəkilməsinə qadağalar qoyulmuşdu. Bu günə kimi də bəzi islam ölkələrində heykəltəraşlığa yaxşı baxılmır və bütpərəstlik nümunəsi hesab edilir: “İslamda gözəl musiqi haram olsaydı, muğam bu günə kimi gəlib çıxmazdı. Quran özü musiqi üzərində oxunur. Peyğəmbərimizin belə bir hədisi var: “Quranı avazla oxumayan bizdən deyil”. “Quranın min sirri varsa, onun birincisi gözəl səsdir”. Azanın özü ən gözəl musiqidir! Bu məqamda Həzrəti Davudun səsi ilə əlaqədar ayələri yada salmaq yerinə düşər. Davuda Allah tərəfindən möcüzə olaraq gözəl səs verilmişdi. O, məlahətli səsi ilə hər kəsi məst edərdi. Heyvanlar və quşlar belə o gözəl səsin təsiri altında qalırdı. Quran və hədislərdə (“Sad”, “Səba” surəsi) bu ecazkar səsdən sitayişlə bəhs edilir. Bu da bizə bir daha musiqinin haram olmadığını demək imkanı yaradır”. 
   Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikovun da bu məsələ ilə bağlı maraqlı fikirləri var. Uzun illər rövzəxanlıqla məşğul olan xanəndə din xadimlərinin musiqiyə münasibəti mövzusunda elmi əsərlərdən hali insan kimi bir-birini tamamlayaraq təsdiqləyən faktları qeyd edir. Bildirir ki, bu mövzuda əsas fikir hər zaman şəriət alimlərinindir: “Hər bir insan inandığı alimin fikirlərinə arxalanır. Yetər ki, bu inam fanatizm dərəcəsinə çatmasın. Musiqi məsələsinə gəldikdə bunun da öz dəlil və sübutları olmalıdır. Sənətin bu sahələrində halal və haram məsələləri var. Əsas həddi aşmamaqdır. İnsanları həddən ziyadə yüngül mənəviyyata cəzb edən istənilən sənət haram sayıla bilər. Bu məqamda Seyid Əzim Şirvaninin bir məşhur müxəmməsini yada salaq:
   
   Guş qıl, ey ki, bilirsən özüvi vaqifi-kar,
   Agah ol, gör ki nədir naleyi-ney, nəğmeyi-tar,
   Nədir ol xüşk olan çubdə bu naleyi-zar
   Ki sədasından onun qarət olur səbrü qərar,
   Açma sən pərdəni, hər pərdədə var yüz əsrar.
   
   Qoymaz ol tarı müğənni niyə ağuşindən,
   Düşməz ol xanəbərəndazlərin duşindən,
   Huş ilə guş edə hər kimsə, gedər huşindən,
   Pənbeyi-ğəfləti çək sən dəxi can guşindən,
   Ta ki əsrari-nihanə olasan bərxurdar.
   
   Tut bərabər dəmi-İsayə müğənni dəmini,
   Qılıb ehya özüvi, seyr elə ruh aləmini.
   Ziri-qəm olma, eşit nəğmeyi-zilü bəmini,
   Çəkmə aqilsən əgər, dəhri-müxalif qəmini,
   Şurə gəl nəğmə ilə çək qəmi-dünyayə həsar.
   
   Musiqi məclisinin əhli gərək əhli-bəsər,
   Ta görə pərdeyi-əsrardə yüz nəqşü süvər,
   Kim ki zövq əhli degil, anı hesab eylə həcər,
   Ləhni-Davud eləməz növi-cəmadatə əsər,
   Məni ərbabı edər guş-suxən, ey huşyar...
    
   Bu misralarda səslənən fikirlər təkcə şairin düşüncəsi deyil, onun şəriətdən hali olaraq qələmə aldığı, insanlara ötürdüyü dəyərli cəvahirdir. Şair deyir ki, musiqiyə qəlbinin gözü ilə bax. Çünki insanın gözü aldadıcı baxışdır. İnsan gərək dünyaya bəsirət gözü ilə baxsın”. 
   A.Məlikovun sözlərinə görə, insan sözü, musiqini birbaşa qəbul etməməlidir. Hər bir fikrə fəlsəfi baxışla nəzər salmalı, daxili aləmi ilə dinləməlidir: “Risalələrdən birində deyilir ki, musiqinin halal və haramlığı nə tarın çanağından, nə də simindən asılıdır. Bu məsələ insanın əxlaqı, mənəviyyatı, batili dəyərlərindən asılıdır. Musiqi, teatr, heykəltəraşlıq və digər sənət növləri, əgər insanın kamilləşməsinə xidmət edirsə, saflaşdırırsa, uca məqama yetişməsinə xidmət edirsə, demək halaldır. Deyirlər ki, gözəl musiqi ibadət ovqatı yaratmalıdır. Bəlkə də o səbəbdən ki, islamda gözəl səsə, gözəl mənaya üstünlük verilir. Şəriət Quran qiraəti zamanı səsin gözəlləşdirilməsini, muğamla oxunmasını qəbul edir”. 
   
   Lalə Azəri