Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.
Xidmətin rəisi Firudin Nəbiyev hesabat məruzəsində qeyd edib ki, Azərbaycandakı sabitlik, respublikamızın beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi əcnəbi vətəndaşların diqqətini çəkir. O cümlədən bu ilin birinci yarısında keçirilən IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi, IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu mükəmməl təşkilatçılıq səviyyəsi ilə yadda qalıb.
İstər bu tədbirlərlə bağlı, istərsə də müxtəlif məqsədlərlə əlaqədar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamıza sərbəst gəlməsinin və getməsinin təşkili, miqrasiya ilə bağlı məsələlərin operativ şəkildə həlli istiqamətində hesabat dövründə zəruri tədbirlər görülüb.
Vurğulanıb ki, miqrantlar adətən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar. Turizm sektorunun inkişafı ilə bağlı görülən işlər, “ASAN Viza” sisteminin tətbiqi Azərbaycana səfər edən əcnəbilərin sayının kifayət qədər artmasına səbəb olub. Bu ilin birinci yarısında 1 milyon 199 min 770 halda 747 min 107 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduqları Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə qeydə alınıb. Bu rəqəm 2016-cı ilin müvafiq dövründə 955 min 279 halda 529 min 924 nəfər olub.
Xidmət rəisi bildirib ki, “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən DMX müraciət edənlərin məmnunluğunun təmin edilməsi, dövlətimizin təhlükəsizliyi, daxili əmək bazarının qorunması, miqrasiya proseslərinin tənzimlənməsi kimi vəzifə və tapşırıqları bundan sonra da müvəffəqiyyətlə yerinə yetirəcək.