Rusiya Federal Turizm Agentliyi (Rosturizm) Xəzəryanı ölkələri - Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanı cəlb etməklə, Xəzər dənizində kruiz turizmini inkişaf etdirməyi planlaşdırır. Bu barədə Rosturizmin başçısı Oleq Safonov bildirib.
O.Safonov deyib: "Biz Xəzərdə kruiz turizmini inkişaf etdirmək məsələsi üzərində işləyirik. Üstəlik, hesab edirik ki, belə turizm ən mühüm istiqamətlərdən biridir və çox perspektivlidir. Bu layihələr Rusiya Federasiyasını, Azərbaycanı, İran İslam Respublikasını, Qazaxıstanı və Türkmənistanı birləşdirə bilər. Bununla da hazırda mövcud olmayan prinsipcə yeni, yüksək səviyyəli turizm məhsulu təklif olunacaq".
Onun sözlərinə görə, kruiz turizminin inkişafında başlıca problem infrastrukturun - gəmilərin yan alması üçün körpülərin, sərnişin vağzallarının, buraxılış məntəqələrinin və s. yaradılmasıdır. Bu obyektlər gələn il üçün hazır olmalıdır.
Rosturizmin başçısı qeyd edib ki, Xəzəryanı ölkələrdə bu ideyaya maraq var: "Həmkarlarımız bu işə maraq göstərirlər. Mən İran və Azərbaycanı da nəzərdə tuturam. Biz bu marşrutların yaradılması istiqamətində fəal irəliləyirik. Dağıstanın başçısı ilə görüşdə bu mövzunu da müzakirə etdik. Bu ideyanı o da dəstəkləyir".