“Əl-Bəyan” qəzeti Azərbaycanın turizm potensialından bəhs edib
Məqalə müəllifi Azərbaycanın min illər boyu qədim sivilizasiyanın beşiyi olduğunu, tarixi abidələri, görməli yerləri ilə seçildiyini qeyd edib. Azərbaycanın strateji mövqeyi ilə seçildiyini diqqətə çatdıran müəllif, ölkəmizin coğrafi mövqeyi barədə oxucularına məlumat verib, paytaxt Bakının bir tərəfdən Avropa tipli şəhər olduğunu, digər tərəfdən isə Şərq üslubunu xatırlatdığını bildirib. Qeyd olunub ki, qədim tarixə malik İçərişəhər, buradakı Şirvanşahlar sarayı və Qız qalası UNESCO-nun Dünya irsi siyahısına salınıb. Yazıda Azərbaycanın hər il beynəlxalq festivallara, idman yarışlarına, digər mötəbər tədbirlərə ev sahibliyi etdiyi vurğulanır, habelə Bakıda gözoxşayan müasir binaların, göydələnlərin inşa edildiyi bildirilir.
Azərbaycanın regionlarının füsunkar təbiətə, əlverişli iqlimə malik olduğunu qeyd edən məqalə müəllifi Qəbələ rayonu haqqında ətraflı bəhs edir. Bildirir ki, uca dağlar və dərin vadilər arasında yerləşən Qəbələdə turistlər üçün əlverişli şərait yaradılıb. Buraya istirahətə gələn əcnəbilərin əksəriyyəti Körfəz dövlətlərindən olan ərəb turistlərdir. Müəllif şəhərin müxtəlif beynəlxalq musiqi festivallarına ev sahibliyi etdiyini də diqqətə çatdırır, Qəbələni dadlı və ləziz yeməklər ünvanı kimi dəyərləndirir.
Yazıda “Fly Dubai” aviaşirkətinin iyunun 29-dan etibarən Dubay-Qəbələ marşrutu üzrə həftədə iki reys həyata keçirdiyi və bu reyslərin sentyabrın 17-dək davam edəcəyi də bildirilir. Müəllif Körfəz Əməkdaşlıq Şurasına üzv ölkə vətəndaşlarının Azərbaycana giriş vizasını sadələşdirilmiş şəkildə, hava limanlarında əldə etdiklərini xatırladır və turistləri Azərbaycanın gözəlliyi, valehedici təbiəti ilə tanış olmağa çağırır.