Beynəlxalq Mətbuat Mərkəzində “Ağabalanın zabullu rastı” bədii kompozisiyasının təqdimatı olub. Tədbir görkəmli xanəndə Ağabala Abdullayevə (1910-1976) həsr edilib. Mərasimdə layihə rəhbəri Əliheydər Beyləqanlı çıxış edərək xanəndənin yaradıcılığından söz açıb. Qeyd olunub ki, Qubadlı rayonunun Çərəli kəndində anadan olmuş Ağabala Abdullayev yetkinlik yaşından ömrünün sonunadək Füzuli rayonunda yaşayıb.
Muğam sənətinin incəliklərinə dərindən yiyələnmiş A.Abdullayev özünəməxsus ifaçılıq məktəbini yaradıb. Yaşlı nəslin nümayəndələri onun ifasında “Zabul-segah” və “Rast” muğamlarını, “Boz at” mahnısını yaxşı xatırlayırlar. A.Abdullayev ecazkar səsi ilə muğamın bədii dəyərini dinləyiciyə çatdırmağa, bu bənzərsiz sənətə yeni nəfəs gətirməyə müvəffəq olub. Xalqın öz sevimli xanəndəsinə “Zabul Ağabala” adı verməsi də təsadüfi deyil.
Sonra tədbir iştirakçıları “Ağabalanın zabullu rastı” bədii kompozisiyası ilə tanış olublar. Tədbir gənc ifaçıların konsert proqramı ilə davam edib.