“Mobil ünsiyyət nə qədər genişlənsə də, insanlar yenə dünyanı görmək üçün səyahət etmək istəyəcəklər”
Yeddi ilə yaxın Dünya Səyahət və Turizm Şurasının (World Travel & Tourism Council - WTTC) prezidenti və baş icraçı direktoru olmuş Devid Skousil (David Scowsill) iyun ayında istefaya gedib. Bu arada onun dünyada səyahət və turizmin gələcəyini formalaşdıran meyllərdən bəhs edən məqaləsi dərc olunub.
Məqalədə deyilir: “2017-ci ilin dünyası ilk dəfə WTTC rəhbərliyinə gəldiyim 2010-cu ildəki dünyadan çox fərqlənir. Biz böyük geosiyasi hərəkatların (“Ərəb baharı”ndan populizmin yüksəlməsinə, xüsusilə Qərb ölkələrində baş verən terror hücumlarının artması və xarakterinin dəyişməsi, Çin və Hindistanın artan iqtisadi qüdrəti, paylaşım iqtisadiyyatının yüksəlməsi, mobil həyata keçid və iqlim dəyişikliyinə qarşı təcili tədbirlərin görülməsinə ehtiyac olduğunu hər kəsin qəbul etməsi) şahidi olduq.
Dünyamız 2017-ci ildə qeyri-müəyyən, həssas və gözlənilməzdir. Buna baxmayaraq, səyahət və turizm sahəsində artım ildə təxminən 4% olmuşdur. Son 20 il ərzində sektorda müəyyən parçalanma olsa da, bu sahə daha güclü və buna qarşı daha dözümlü olmuşdur. Aşağı qiymətli daşıyıcılar, “TripAdvisor”, onlayn hotel aqreqatları, paylaşım iqtisadiyyatı kimi yeni biznes modelləri və yanaşmaları səyahət və turizmin mənzərəsini həmişəlik dəyişdirmişdir. Ancaq bu müddət ərzində turizm sənayesinin bütün sahələri təlatümlərə dözərək inkişaf etdi. Heç bir böyük marka (brend) hətta rəqiblərin təzyiqi və qlobal maliyyə böhranının təsirləri ilə iflas etmədi”.
Müəllifin fikrincə, səyahət və turizmin gələcəyini təmin edən amil bazar qiymətlərinə uyğunlaşmaq, istehlakçıların tələblərinə cavab vermək və yeni texnologiyaları tətbiq etmək qabiliyyətidir. Çünki bu sektor müasir çağın makro səviyyəli problemlərinə - məsələn, terrorizm, iqlim dəyişikliyi və ya dördüncü sənaye inqilabına hazır olmalıdır: “Məndən tez-tez texnologiyanın səyahət və turizmin üzərində ifrat dərəcədə təzyiqə səbəb olub-olmayacağını soruşurlar - robotlar turizm işçilərini əvəz edəcəkmi; virtual gerçəklik və genişlənmiş reallıq səyahət ehtiyacını əvəz edəcəkmi; video konfranslar biznes səfərlərini sıxışdıracaqmı? Bütün bunlara mən ucadan “yox” deyirəm. Süni intellekt, kompüterlə öyrənmə və robot texnikası, əlbəttə, zamanla bu sektordakı iş yerlərinə təsir edəcək. Bir çox iş artıq lazımsız olacaq, amma digərləri yaradılacaq. Səyahət və turizm sahəsində xidmətin göstərilməsi insanlar arasındakı təmasa əsaslanır, son nəticədə biznes, ya istirahət məqsədilə səyahət etdiyinizi müəyyən edən məhz insanlardır.
Virtual gerçəklik və genişlənmiş reallıq səyahət ehtiyacını əvəz edəcəkmi?
Deyə bilərik ki, bu sahədə hərəkatın sürəti fövqəladə olacaq, ancaq bu, sənaye ilə rəqabət aparmaqdan daha çox onu inkişaf etdirəcək”.
Devid Skousil məqalədə onlayn əlaqə vasitələrinin biznes səfərlərinə təsiri məsələsinə də toxunur. Bildirir ki, bu müzakirə iyirmi ildən çoxdur davam edir: “İndi biz həm işgüzar görüşlər, həm də dostlarla asudə vaxt keçirmək üçün skype, whatsapp, wechat, twitter, facebook və video-konfrans vasitələrindən istifadə edirik. Lakin bu platformalar əlaqəni asanlaşdırsa da, insanlar yenə də dünyanı görmək üçün səyahət etmək istəyəcəklər. Müqavilələrin bağlanmasına görə lazım olan insan təması üçün biznes səfərləri artacaq. Üzbəüz görüşlərdə istənilən nəticəyə nail olunmasını təmin etmək üçün işlərin çoxunu texnologiyadan istifadə etməklə görmək olar”.
Mütəxəssisin qənaətinə görə, zamanla turizm saytları öz yerini mobil qurğulara verəcək: “Mobil ünsiyyətin üstünlüyü davam edəcək. İnsanlar öz asudə vaxtlarını korporasiyalar tərəfindən tələb olunan "həmişə xətdə olmaq" fikrindən qorumaq üçün qurğuları söndürməyi öyrənəcəklər. Turizm sektoru texnoloji inkişaf və imkanların fonunda nə qədər böyüsə də, səyahət və turizm öz mövcudluğunu sübut etməli olacaq. Bilirik ki, sektorun iqtisadi və sosial təsiri dünyanın hər bir yerində əhəmiyyətlidir. Lakin biz onu da bilirik ki, turizmin inkişafının, həqiqətən, əhatəli və ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün hələ çox işlər görmək lazımdır. BMT-nin Davamlı İnkişaf Məqsədləri (DİM) dəyişikliklərin edilməsi və monitorinq üçün mühüm meyarlar bəlli edir. Mən səyahət və turizm sahəsindəki bütün oyunçuları DİM ilə məşğul olmağa və öz fəaliyyətlərinin bunlara necə uyğun olmasını göstərməyə çağırıram”.
Devid Skousil qeyd edir ki, Dünya Səyahət və Turizm Şurasının yaradıcılarının 1990-cı illərin əvvəllərində ilk görüşündən bəri uzun bir yol qət olunsa da, cəmiyyət hələ də turizmin prioritetlərinin istənilən səviyyəsinə yüksələ bilməyib. “Siyasətçilər anlamalıdır ki, turizm davamlı inkişafa müsbət töhfə verə bilər və verir, həmçinin bu töhfəni artırmağa çalışır. Bu qarışıq və destruktiv dövrdə, terrorizmdən iqlim dəyişikliyinə və ya immiqrasiyaya kimi müxtəlif hədə-qorxulara refleks cavablar çox vaxt turizm sənayesinə qeyri-mütənasib təsir göstərə bilər. Bu, biznesin əsas hissəsinə təsir göstərməklə yanaşı, həyatı turizmdən asılı olan bütün insanlara - hazırda təxminən 292 milyon insana çox vaxt dağıdıcı təsir göstərir”, - deyə məqalədə vurğulanır.
Devid Skousil məqalənin sonunda ölkələrin hökumət üzvlərinə, ümumilikdə səyahət edən bütün insanlara müraciət edərək deyir: “İstər biznes, istərsə də istirahət məqsədli səyahətin getdikcə mürəkkəbləşən dünyada insanların həyatını yaxşılaşdırmağa, planeti qorumağa, sülh, təhlükəsizlik və anlaşma üçün bir qüvvə olmağa davam etməsini təmin etmək üçün bütün bəşəriyyət bir araya gəlməlidir”.