Bu məqsədlə yaradılmış İşçi qrupun ilk iclası keçirilib
   
   Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, turizm sahəsində elmi tədqiqatların aparılması, digər ölkələrin təcrübəsindən yararlanmaqla turizm təhsili sektorunda əməkdaşlar üçün təlim modullarının müəyyən edilməsi, bu sahədə təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və digər müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Turizm Şurasının nəzdində Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi qrup yaradılıb.
   İyulun 18-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın sədrliyi ilə İşçi qrupun ilk iclası keçirilib. İclasda Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin nümayəndələri iştirak edib.
   İclası giriş sözü ilə açan nazir müavini Sevda Məmmədəliyeva turizmin inkişafında təhsilin əhəmiyyətini vurğulayıb və Azərbaycanda turizm sahəsi üzrə təhsilin mövcud vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrə dair məlumat verib.
   Toplantıda Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev və Azərbaycan Turizm və Menecment Universitetinin rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov tərəfindən təqdim edilən “Turizmlə bağlı nümunəvi peşə standartlarının, peşə standartı üzrə qiymətləndirmə nümunələrinin və turizm müəssisələri üçün nümunəvi təlim standartlarının tətbiqi haqqında” əmr və İşçi qrupun iş planının layihələri, həmçinin həyata keçirilməli digər cari məsələlər ətrafında müzakirələr aparılıb.
   Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin nümayəndələri tərəfindən peşə təhsili istiqamətdə fəaliyyətin əlaqələndirilməsi, mövcud təhsil sisteminə yeni yanaşmaların tətbiqi, habelə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili ilə bağlı məsələlərin xüsusilə diqqətdə saxlanılmalı olduğu bildirilib.
   İclasın yekununda iştirakçıların təklifləri nəzərə alınmaqla iş planı layihəsinin yenidən işlənilməsi, adıçəkilən əmr layihəsi ilə birlikdə əlaqədar qurumlarla razılaşdırılmaqla təsdiq edilməsi qərara alınıb.