2017-ci ilin yanvar-may ayları ərzində Türkiyəyə ümumilikdə 8 milyon 762 mindən çox əcnəbi vətəndaş səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5% çoxdur.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verilir ki, hesabat dövründə Türkiyəyə ən çox - 928 min nəfər Rusiyadan turist gəlib.
Rusiyanın ardınca qardaş ölkəyə ən çox Gürcüstan vətəndaşları səfər edib ki, onların sayı 875 min nəfər təşkil edib. Üçüncü yerdə qərarlaşan Almaniyadan Türkiyəyə 863 min, həmçinin İrandan 774 min, Bolqarıstandan 638 min, İngiltərədən 396 min, Ukraynadan 316 min, Azərbaycandan 243 min, İraqdan 240 min, Hollandiyadan 206 min, Yunanıstandan 205 min nəfər səfər edib.
İsrail, Səudiyyə Ərəbistanı, Fransa, Rumıniya, ABŞ-dan Türkiyəyə səfər edənlərin sayı 100 min nəfəri ötməyib.
Qeyd edək ki, Türkiyəyə turist axınında artım müşahidə olunsa da, göstəricilər 2-3 il öncəyə nisbətən xeyli aşağıdır. 2015-ci ilədək Türkiyəyə ildə 34-36 milyon xarici turist gəlirdi.