Ankara və Bursada çıxış edən kollektiv Balkan turuna çıxıb
Türk dünyasından gənc istedadların bir araya gətirilməsi ilə yaradılan TÜRKSOY Gənclik Kamera Orkestri iyulun 21-də Ankarada keçirilən konsertlə sənətsevərlərə unudulmaz musiqi gecəsi bəxş etdi. Prezident Simfonik Orkestri (CSO) binasında keçirilən tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstanın və Özbəkistanın Ankaradakı səfirləri Abzal Saparbekuli, Ulfat Kadırov, çox sayda qonaqlar iştirak edirdi.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Başqırdıstan və Tatarıstandan gənc sənətçilər dirijorlar Anvar Akbarov (Qazaxıstan) və Mustafa Mehmandarovun (Azərbaycan) idarəsi ilə dünya klassikləri və türk dünyası bəstəkarlarının əsərlərini böyük ustalıqla ifa etdilər.
Builki repertuarını tamamilə yeniləyən orkestr proqramını 26 maydan 10 iyuna qədər Bolunun Seben rayonunda qurulan “Türk dünyası incəsənət kəndi”ndə reallaşan TÜRKSOY-un “Bəstəkarlar görüşü” layihəsi iştirakçılarının əsərləri ilə zənginləşdirib.
Konsertdə bu layihəyə qatılan Tatarıstan bəstəkarı Alsu Sungatullinanın "Şərq müdrikliyi", türkmənistanlı bəstəkar Rovsan Nepesovun "Fantaziya" əsərləri musiqisevərlərə təqdim edildi. Türk dünyasının müxtəlif ölkələrinin melodiyalarını klassik musiqi orkestrinin ifasında dinləyən ankaralı musiqisevərlər Şərq-Qərb mədəniyyətlərinin sintezi ilə ortaya çıxan əsərləri böyük coşqu ilə ayaq üstə alqışladılar.
Tanınmış azərbaycanlı xormeyster, TRT Ankara Radiosu çoxsəsli xorunun dirijoru Elnarə Kərimova TÜRKSOY Gənclik Kamera Orkestrinin ifa etdiyi əsərlərə daha yüksək performans lazım olduğuna diqqəti çəkərək bildirdi ki, kollektiv çox qabiliyyətli musiqiçilərdən formalaşıb: “Dirijorların orkestri idarə etməsi də eyni şəkildə təqdirəlayiqdir. Türk dünyasının gənc istedadları öz ifaları ilə məni heyrətləndirdi”.
İyulun 23-də isə orkestr Bursada sənətsevərlərin qarşısına çıxdı və rəngarəng konsert proqramı ilə onları sevindirdi. Konsertdən sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov, dirijorlar Anvar Akbarov və Mustafa Mehmandarova Bursa Böyükşəhər Bələdiyyəsi adından xatirə plaketi təqdim edildi.
Bursada konsert proqramından sonra TÜRKSOY Gənclik Kamera Orkestri türk musiqisinin təbliği məqsədilə Balkan ölkələrinə yola düşdü. Orkestrin Balkan turunun ilk konserti Makedoniyanın Skopye şəhərində keçirilib. İkinci konserti də bu il 57-ci dəfə təşkil ediləcək Ohri Yaz festivalı çərçivəsində təqdim olunacaq.
Orkestrin Balkan turu proqramına Monteneqronun Podqoritsa, Bosniya və Herseqovinanın Sarayevo və Mostar şəhərlərində konsertlər də daxildir. Səfər avqustun 2-də Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq konsertlə yekunlaşacaq.
Mehparə Sultanova
Ankara