IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəngarəng konsertlərdən ibarət zəngin proqramı var
   
   İyulun 29-da Qəbələ şəhərində ənənəvi musiqi bayramı start götürəcək. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə doqquzuncu dəfə gerçəkləşən beynəlxalq festival avqustun 3-dək davam edəcək.   
   IX Qəbələ Beynəlxalq Musiqi Festivalına müxtəlif ölkələrdən məşhur kollektiv və musiqiçilər, eləcə də Azərbaycanın tanınmış sənətçiləri qatılacaq. Festivalın konsertləri Qəbələ ilə yanaşı, Şəki və İsmayıllı şəhərlərində də təşkil olunacaq.
   İyulun 29-da Qəbələ Kamera musiqisi zalında festivalın ilk konserti olacaq. Axşam festivalın açıq səhnəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Gənclər kamera orkestri çıxış edəcək. Dirijor beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir. Pianoda Əməkdar artist İsfar Sarabski çıxış edəcək.
   İyulun 30-da açıq səhnədə festivalın açılış mərasimi olacaq və tamaşaçılara Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim ediləcək. Həmin gün Şəkidə BMA-nın Gənclər kamera orkestrinin, Qəbələ Kamera musiqisi zalında isə Atabala Manafzadə (piano), “Furioso Quartet” və Kəmalə Neymanova (piano), Süleyman Babakişizadə (skripka), Zərifə Alxazova (skripka), Üzeyir Mahmudbəyli (viola), Murad İbrahimov (violonçel), Nərmin Nəcəfli (piano) və Ənvər Kərimovun (truba) iştirakı ilə konsert olacaq.
   İyulun 31-də Qəbələ Kamera musiqisi zalında Fəqan Qasımlı (piano), Məmməd Rəcəbli (klarnet), Aydan Quliyeva (soprano), Taleh Yəhyayev (bariton) və İlahə Sadıxzadə (piano) səhnəyə çıxacaq. Açıq səhnədə “Bakı kamera orkestri” çıxış edəcək. Dirijor Əməkdar artist Fuad İbrahimovdur.
   Avqustun 1-də festival çərçivəsində İsmayıllıda “Bakı kamera orkestri”nin konserti olacaq. Qəbələdə Kamera musiqisi zalında Səidə Tağızadə (piano), Rəna Rəhimova (viola) və Elxan Niftiyev (piano) çıxış edəcək. Həmin gün musiqisevərləri Qəbələ Kamera musiqisi zalında, həmçinin Xalq artisti Murad Adıgözəlzadə (fortepiano), Janna Qandelman (İsrail, skripka), Mixail Sladkin (ABŞ, valtorn), Dmitri Yablonski (Rusiya, violonçel) və Xalq artisti Fərhad Bədəlbəylinin (piano) iştirakı ilə maraqlı konsert gözləyir. Açıq səhnədə İngiltərənin “Femusa” kamera orkestri çıxış edəcək.
   Avqustun 2-də Qəbələ Kamera musiqisi zalında Məhərrəm Hüseynov (bariton), Azər Rzazadə (tenor), Müşfiq Quliyev (tenor), Canluici Sartori (tenor, İtaliya), Elnarə Məmmədova (soprano) çıxış edəcəklər. Açıq səhnədə Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Solistlər Moyka Zlobko Vajql (arfa, Sloveniya), Massimo Merçelli (fleyta, İtaliya) və Xalq artisti Yeganə Axundovadır (piano).
   Festivalın sonuncu günü - avqustun 3-də Qəbələ Kamera musiqisi zalında “Dörd əl axşamı” adlı konsert proqramında Murad Adıgözəlzadə (piano), Oksana Yablonskaya (Rusiya, piano), Stefan Deltz (piano, ABŞ), Anna Serova (skripka, İtaliya) iştirak edəcəklər. Festivalın bağlanış mərasiminin keçiriləcəyi açıq səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Roberto Molinelli (İtaliya) dirijorluq edəcək. Konsertdə Nomeda Kazlaus (soprano, Litva), Azər Rzazadə (tenor), Məhərrəm Hüseynov (bariton) çıxış edəcəklər.