Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan muzey və qoruqların əməkdaşları üçün təlimlər təşkil edilib
   
   “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Turizm Şurasının qərarına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nazirliyin tabeliyində Bakı şəhərindəki muzey və qoruqların əməkdaşları üçün “Müştərilər (vətəndaşlar) ilə əlaqələrin idarə edilməsi” mövzusunda təlimlər keçirilib.
   Təlimlər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin ASAN təlim-tədris mərkəzi tərəfindən təşkil edilib.
   Treninq zamanı muzey və qoruqları ziyarət edən turistlərə effektiv xidmətin göstərilməsi, onlara dolğun və düzgün informasiyaların verilməsi, ünsiyyətin qurulması, psixoloji sorğuların keçirilməsi, problemlərin vaxtında və yerində həll edilməsi və digər istiqamətlər üzrə iştirakçılara məlumatlar verilib.
   Həmçinin, təlimlərdə mədəni sərvət, onun qorunması, gələcək nəsillərə ötürülməsi, mədəni sərvətin turizm sektorunun inkişafına təsiri kimi mövzular da müzakirə olunub, beynəlxalq qurumlara müvafiq layihələrin təqdim olunması ilə bağlı məlumatlar verilib.
   Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 21 fevral 2017-ci il tarixində təsdiq olunmuş “Turizm sahəsində Milli Keyfiyyət Sisteminin tətbiqi üzrə Fəaliyyət Planı”na uyğun olaraq, ölkəyə gələn xarici turistlərə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə bu cür təlimlərin digər sahələr üzrə də keçirilməsi nəzərdə tutulub.