“RailEurope” şirkətinin Azərbaycanda satış üzrə baş agenti olan “SI LuxuryTravel” şirkətinin ofislərində Fransanın yeni dəmir yolu xətlərinə bilet satışı başlanıb.
   İyulun 2-dən işə salınan sürət qatarı xətləri Fransa paytaxtını ölkənin regionlarında ən məşhur şəhərlərlə bağlayır və kombinə olunmuş tur həvəskarlarına xeyli vaxta qənaət etməkdə kömək edir. Beləliklə, indi Parisdən Fransanın cənub-qərbində yerləşən Bordoya cəmi 2 saata çatmaq olar. Bu, köhnə xətlərdəki reyslərlə müqayisədə 1 saat 10 dəqiqə azdır. Sutka ərzində müvafiq istiqamətdə 27 reys həyata keçirilir.
   Parisdən Tuluza şəhərinə yeni xətlər sayəsində (gündə 6 reys) 4 saat 8 dəqiqəyə çatmaq olar, halbuki əvvəllər bu yola təxminən beş saat yarım vaxt sərf olunub. Qeyd edək ki, yeni qatarlar sürəti 300 km/saatadək artırmaq qabiliyyətinə malikdir. Vaqonlarda pulsuz “Wi-Fi”, rahat kreslolar, kupe-restoran və digər şərait yaradılıb.