Onu şəxsən tanıyanlar da Viktoriyaya aşiq 
   
   Jurnalistlər bunu yaxşı bilir: arada elə bir qonaqla rastlaşırsan ki, onun sənin xalqına, milli mədəni dəyərlərinə verdiyi önəmi görəndə ona qarşı yaranan rəğbət hissi bir göz qırpımında məhəbbətə çevrilir. Eynilə Viktoriya Ratsyuk ilə ilk ünsiyyətimizdə də belə oldu. Təəssürat paylaşması ilə başlayan müsahibə nə zaman iki musiqisevərin söhbətinə çevrildi, bilmədik... 
   Əvvəlcə məni valeh edən gözəl qadın haqqında. Viktoriya Ratsyuk. Ukraynalı dirijor, teatr rejissoru və teatr sənəti magistri. Çox pozitiv ruhlu, enerji və yaratmaq eşqi ilə dolub-daşan mavigözlü, qarasaçlı gözəl qadın. Üstəlik, ilk dəfə ayaq basdığı şəhərə, ilk dəfə birgə çıxış edəcəyi orkestrə, müşayiət edəcəyi vokalçılara böyük məhəbbətlə yanaşan Sənətkar. Bu sənətkar xanım teatr mövsümünün bitər-bitməzində Bakıya dəvət olunmuşdu. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti dəfə oynanılacaq "Traviata" operasına dirijorluq etmək üçün paytaxtımızda idi. 
   ...Mən teatra gələndə məşq artıq başlayırdı. Dirijor xanım müsahibədən xəbərdar idi. Orkestr çökəyində pult arxasında yerini tutanda alaqaranlıq salondan onunla salamlaşdıq. Nəzakətlə və üzünə xüsusi yaraşıq verən təbəssümlə dilləndi: ĞƏgər vaxtınız varsa, bir az gözləyin. Bugünlük təxminən bir saat məşqimiz var. Vokalçılarla onların çıxış edəcəyi parçaları keçmişik. İndisə orkestrlə məşq edəcəyikğ. Vaxt olmasaydı belə, gözləyəcəkdim. Axı, tanımadığın dirijoru iş başında, xüsusilə də məşq prosesində müşahidə etmək onun yaradıcılığı və ifa üslubu barədə böyük bir məqalə oxumağa bərabərdir.
   Beləliklə, iki gün sonra dopdolu salonun nəfəs çəkmədən dinləyəcəyi operanın məşqini izləyirəm. Hiss edirəm ki, ĞTraviatağ operası ilə dirijoru hansısa dərin bağlar birləşdirir. Arada dirijor xanım musiqini saxlayır, konkret alət qruplarına öz qeydlərini, tonallıq seçimində hansı məqamlara üstünlük verilməsinin vacibliyini vurğulayır, musiqiçilərdən hansı səslənişi istədiyini deyir. Və orkestr qaldığı yerdən ifaya davam edəndə bayaqkı parça artıq bir qədər fərqli, daha qulağayatımlı səslənir. Təəssüf ki, qəzet yazısı orkestr məşqinin təəssüratını çatdırmaqda acizdir. Ən azı, audio, yaxşı olar ki, video reportaj hazırlamalısan ki, duyduqlarını çatdıra biləsən. 
   Nəhayət, qrim otağında əyləşmişik. Yorğun olsa da, başa çatdırdığı işdən aldığı zövqün cizgiləri simasına çöküb.
   - Üzrlü sayın, Viktoriya... Məşqdən sonra yorğun vaxtınızda sizi məşğul edirəm... 
   - Fikir verməyin, mövsümün axırıdır. İstər-istəməz yorğunluq özünü göstərir. Sizdən bir xahişim var. Fikirlərimdə, sözlərimdə dolaşıqlıq olsa, zəhmət olmasa, onları daha gözəl ifadə edin...
   - Çalışaram... 
   - Yəqin ki, ilk təəssüratımla maraqlanacaqsınız. Sizin musiqinizə bələd olsam da, azərbaycanlı sənət dostlarım çox olsa da, Bakıya ilk gəlişimdir. Düşünürdüm ki, Azərbaycan keçmiş sovet respublikalarındandır, nə qədər fərqli olsalar da, oxşar cəhətləri çoxdur. Amma gecə təyyarədən düşəndə elə bildim ki, nağıllar aləmindəyəm. Hava limanından şəhərə qədər hər yeri nura qərq edən işıqlar, səliqəli yol məni valeh etdi. Səhər şəhərə çıxandasa özümü doğma yerlərdə hiss etdim. Elə bilirdim ki, məst olmuşam. Hərçənd mən alkoqoldan uzaq adamam. Fikirləşirdim ki, görəsən, mənə nə olub? Yəni təyyarə ilə uçuş başımı bu qədər gicəlləndirdi? Axı, mən 21 saat Braziliyaya uçanda özümü belə hiss etməmişdim... 
   - Bəlkə aşiq olmusunuz?.. Axı, adam vurulanda da məst ola bilir... 
   - Hə, bir qədər düşünəndən sonra anladım ki, mən Bakıya vurulmuşam! Özü də bu dəlicəsinə vurğunluq məni xoşbəxt edir. Üç gündür ki, buradayam. Elə bilirəm ki, Bakını çoxdan tanıyıram. Nədənsə Kiyevə oxşadıram onu... 
   - Qəribədir, mən də ilk dəfə Kiyevdə olanda elə bildim ki, Bakıdayam. Andreyevsk enişi mənə İçərişəhər qədər doğma gəlmişdi... Sizə də arzum budur ki, ömürlük xoşbəxt olun!.. 
   - Çox sağ olun, elə siz də! Belə baxanda Azərbaycan və Ukrayna, Bakı ilə Kiyev bir-birindən xeyli uzaqdır. Amma şəhərlərin aurasında, adamların hisslərində nə qədər oxşarlıq var... 
   - Dərinə getsək, bizim xalqların yaxınlığı haqqında o qədər tutarlı dəlil-sübut tapmaq olar ki. Bəs teatr sizdə hansı hissləri oyatdı? Burada da özünüzü doğma hiss etdiniz?
   - Dini məbədlər, ibadətgahlar barədə söz düşəndə adətən deyirlər ki, bura dualı yerdir, yəni bu məkanın divarları da çox dualar eşidib, duaların əks-sədası onun hər daşına hopub. Baxın, sizin opera teatrınızın binası belə bir yerdir. Bu divarlar o qədər gözəl səslər, mükəmməl ifalar, möhtəşəm musiqi əsərləri eşidib ki!.. Əvvəlcə, onu deyim ki, sizin teatrın çox yaxşı rəhbərliyi var: işini bilən və sevən, teatrda təsadüfi olmayan insanlarla çalışmaq xoşdur. Sizin çox yaxşı təhsil görmüş, güclü səsini idarə etməyi bacaran vokalçılarınız var. Məşq prosesində onlara nəyisə öyrətmək lazım gəlmədi. Mən, sadəcə, onları dinləyib, bu səsləri tamaşada necə çatdırmağın xırdalıqlarını cilaladım. Orkestr ilə işləmək isə... mənə zövq verir. Çünki orkestrdəki hər bir ifaçı məni diqqətlə dinləyir. Mən belə hesab edirəm ki, dirijorun vəzifəsi hər bir musiqiçinin öz qabiliyyətini, istedadını daha parlaq nümayiş etdirməsinə kömək etməkdir. Üstəlik, həmin musiqiçilər öyrənməyə, yeni dirijorla işləməyə hazır olduqda insan öz zəhmətindən zövq alır. 
   - Bayaq məşqdən sonra musiqiçilərin öz aralarında sizi təriflədiklərini eşitdim...
   - Doğrudan? Bunu eşitmək xoşdur... Mən Azərbaycan musiqi ifaçılıq məktəbindən xəbərdaram. Yalçın Adıgözəlov ilə yaradıcılıq dostluğumuz nə zamandır ki, davam edir. Sizin həm keçmiş, həm indiki yaşlı və cavan dirijorlarınızın idarə etdiyi konsertləri dinləmişəm. Bəxtiniz gətirib ki, Niyazidən üzü bəri mükəmməl dirijor məktəbiniz var. Buna görə də orkestr yaxşı dirijorla ortababı bir-birindən ayıra bilir. Əlbəttə, əgər məşq etmək üçün vaxtımız bir qədər də çox olsaydı, daha yaxşı olardı. Hər necə olsa, ilk dəfə birlikdə çıxış edəcəyik. 
   - Nədənsə sizin məşqinizə baxanda mənə elə gəldi ki, "Traviata" operasının sizin üçün ayrıca önəmi var... 
   - Düz tapmısınız... Mən dirijor, teatr rejissoru olmaqla yanaşı, həm də teatr sənəti üzrə magistr dərəcəsi almışam. Elmi araşdırmam Cüzeppe Verdinin "Traviata" operası olub. 
   - Qadın - dirijor, qadın - rejissor. Viktoriya, gəlin razılaşaq ki, hətta XXI əsrdə də bir qadının bu iki peşəni seçməsi... qəribə sayılır. 
   - Əslində mənim üç ali təhsilim var. Əvvəlcə konservatoriyanı xormeyster kimi bitirmişəm, sonra simfonik orkestr dirijorluğu ixtisasında oxumuşam. Ardınca da teatr rejissorluğu üzrə təhsil almışam. Mən rejissor olmaq fikrinə düşəndə çoxu məni danladı ki, bir kişi peşəsi sənə bəs etmir? 
   - Amma iki mənfi rəqəmin hasili müsbət etdiyi kimi, iki kişi sənətini də... 
   - Ay sağ olun! Mən də elə bu cür özümü müdafiə edirdim ki, iki kişi sənətini üst-üstə gəlsək, onun öhdəsindən yalnız qadın gələr... Zarafat bir yana, mənə dirijorluq etdiyim səhnə əsərinin dramaturgiyasını açmaq, təkcə bəstəkarın deyil, həm də libretto müəllifinin daha nələri demək istədiyini anlamaq və bütün bunları musiqi mətnindən kənara çıxmadan göstərmək maraqlıdır. Mən pult arxasına keçib tamaşanı idarə edən kəs yox, tamaşanı doğuran kəs olmaq istəyirdim. Bu isə rejissor təhsili almadan mümkün deyil. 
   - Sənət karyeranızda elə bir əsər var ki, onun həm musiqi rəhbəri, həm də quruluşçu rejissorusunuz? 
   - Bəli, var. "Aleko", "Dorianın taleyi", "İolanta", "Transforma", bir də "Traviata"ya müxtəlif teatrlarda həm dirijor, həm də rejissor kimi quruluş vermişəm. Məmnuniyyətlə, "Traviata"nı bir də hazırlayardım. Yeni fikirlərim, əsərə məhz özüm kimi yanaşmam var. 
   - Viktoriya, bildiyim qədər, siz təkcə klassik musiqi ilə, opera tamaşaları ilə yox, həm də müasir, avanqard musiqi ilə məşğul olursunuz. 
   - Bəli, 2008-ci ildən "Rikoşet" adlı yeni musiqi ansamblının dirijoruyam. Konservatoriyada dərs deyirəm. Tələbələrimin sorağı dünyanın müxtəlif opera səhnələrindən gəlir. Hər il bir neçə festivalda çıxış edirəm. Günlərim, ömrüm yaradıcılıq çalışmaları ilə doludur. İstəyirəm ki, sənətdə izim qalsın.
   
   * * *
   Viktoriya Ratsyuk sənətdə iz qoymaqdan danışarkən Azərbaycanın ən məşhur bayatısını xatırladım. Azərbaycana bir könüldən min könülə aşiq olmuş sənətkar xanıma həmin bayatını hərfi tərcümə edib, bizim şifahi xalq ədəbiyyatının bu janrı barədə bir qədər məlumat verdikdən sonra məni qarşıladığı həmin nəzakətli, amma bir qədər də dalğın təbəssümlə bunları söylədi: "Deyəsən, mən əvvəlki ömürlərimdə Azərbaycana çox yaxın olmuşam...". 
   Qonağın lütfkarlığından və ev sahibinə məhəbbətindən sui-istifadə etmək yaxşı deyil. Onsuz da anlayırıq ki, söhbətimiz tutur, Bakıya, Kiyevə sevgimiz, daşıyıcısı olduğumuz xalqlara hörmətimiz qarşılıqlı, musiqiyə münasibətimiz də eynidir. Deməli, həyat yolları bizi tez-tez rastlaşdırarsa, Viktoriya ilə dost olacağımız şəksizdir. Sağollaşarkən vizit kartlarımızı bir-birimizə verərkən ukraynalı dirijor xanım dedi: "Əgər Kiyevə gəlib məni axtarmasanız, sizdən inciyərəmğ. Bu təklifə yalnız belə bir cavabı münasib bildim: "Sizin kimi dostları Bakıda görmək, sorağınızı eşitmək həmişə xoşdur".
   
   Gülcahan Mirməmməd 
   
   P.S. Yazını hazırlayarkən yeni rəfiqəmin xahişini nəzərə almadım. Özü o qədər gözəl danışmışdı ki, fikirlərini bəzəməyə ehtiyac qalmadı.