Xəbər verdiyimiz kimi, türk dünyasının istedadlı musiqiçi gənclərindən ibarət TÜRKSOY Gənclik Kamera Orkestri Ankara şəhərində 10 gündən çox məşqlər edəndən, Ankara və Bursada konsert verəndən sonra Balkan ölkələri turuna çıxıb.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Başqırdıstan və Tatarıstandan gənc sənətçilərin yer aldığı orkestrin dirijorları Anvar Akbarov (Qazaxıstan) və Mustafa Mehmandarovdur (Azərbaycan).
Orkestr Balkan turunda ilk konsertini Makedoniyanın paytaxtı Skopye (Üsküp) şəhərində təqdim edib. Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin Makedoniyadakı səfiri Tulin Erkal Kara, Azərbaycanın Türkiyə və Makedoniyadakı səfiri Faiq Bağırov, yerli sakinlər iştirak edib.
Türk respublikaları arasında diplomatik əlaqələrin 25-ci ilinə həsr edilən konsertdə orkestrin repertuarında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun, qırğız bəstəkarı Seitali Mədətov, başqırd və tatar bəstəkarları Azamat Hasani və Alsu Sungatullina, Türkmənistandan Rovşan Nepesov, Türkiyədən Turgay Erdenerin əsərləri yer alıb. Bundan başqa, konsertdə orkestrdə kontrabas ifaçısı olan qazax musiqiçisi Birja Mynbayevin "İligai" adlı əsərinin Makedoniya premyerası keçirilib.
Konsertin açılış mərasimində çıxış edən səfir Tulin Erkal Kara türk dünyasının UNESCO-su olaraq tanınan TÜRKSOY-u qurulduğu gündən bu günə qədər həyata keçirdiyi fəaliyyətlərlə xalqlarımızın qardaşlığını gücləndirmək, türk mədəniyyətini dünyaya tanıtmaq və gələcək nəsillərə gözəl bir miras buraxmaq üçün çalışdığını söyləyib. TÜRKSOY Gənclik Kamera Orkestrinin birhəftəlik Balkan turuna çıxdığını xatırladan səfir, konsertə ev sahibliyi etməkdən duyduğu məmnuniyyəti dilə gətirib.
Düsen Kaseinov isə TÜRKSOY-un türk mədəniyyət xəzinəsini qorumaq və gələcək nəsillərə ötürmək kimi mühüm missiyası olduğunu bildirib: "Musiqi mənəvi dünyamızı əks etdirən ilham qaynağımızdır. Türk respublikaları arasında diplomatik əlaqələrin 25 illiyini qeyd etdiklərini xatırladan D.Kaseinov bu konsertin də türk dünyasının musiqi irsinin təqdimatına, mədəniyyətlərarası sülh, dostluq və dialoqun möhkəmlənməsinə töhfə olacağını deyib.
Qeyd edək ki, Balkan səfərində ilk konserti ilə sənətsevərlərin ürəyini fəth edən gənc istedadlar Makedoniyada ikinci konserti ənənəvi, bu il 57-ci dəfə təşkil edilən Ohri Yaz festivalı çərçivəsində təqdim edib.
Orkestrin Balkan turu proqramına Monteneqronun Podqoritsa, Bosniya və Herseqovinanın Sarayevo və Mostar şəhərlərində konsertlər də daxildir. Səfər avqustun 2-də Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq konsertlə yekunlaşacaq.
Orkestrdə Azərbaycanı dirijor Mustafa Mehmandarovla yanaşı, ifaçılar Səid Məmmədov, Orxan Cumayev və Səbuhi Axundov təmsil edir.
Mehparə Sultanova
Ankara